Dağlıq Qarabağ münaqişəsi son 100 il ərzində həllini tapan ilk ərazi münaqişəsidir

Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim Böyük Zəfərimizlə bitdi. Beləliklə, Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi çox böyük tarixi hadisədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müjdəsi Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. 28 il işğal altında olan Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Şuşanın azad edilməsindən bir gün sonra – Dövlət Bayrağı Günündə daha 72, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da məlum bəyanatı imzalasın. “Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycana maksimum sərf edən sənəddir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Razılaşmaya əsasən, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam rayonlarındakı işğalçı qoşunlarının çıxarılması barədə öhdəlik götürür. Beləliklə, məcburi köçkün olan insanlarımızın 30 illik həsrətinə son qoyulur, onlar öz doğma torpaqlarına qayıdacaqlar. Diqqətçəkən daha bir məqam ondan ibarətdir ki, imzalanmış bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bu o deməkdir ki, Qarabağa heç bir status, muxtariyyət verilmir. Eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Bununla da Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmək istiqamətində tarixi addım atıldı. Bununla da Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda, türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa edilir”, – deyə S.Fətəliyeva bildirib.

Deputat söyləyib ki, imzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcəklər. Bu o deməkdir ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Yəni, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Bununla da başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.

“Ümumiyyətlə, bu münaqişə son 100 il ərzində həllini tapan ilk ərazi münaqişəsidir. Ölkəmizin bu siyasi qələbəsinin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Eyni zamanda, son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin inkişafına mühüm təsir edir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində vacib rol oynadı. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan ötən illər ərzində bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Məhz aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycan bugünkü Qələbəyə nail oldu”, – deyə S.Fətəliyeva vurğulayıb.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasına daha 1202 yoluxma faktı qeydə alınıb, 998 nəfər sağalıb
NövbətiDövlət Baxçalı: Paşinyan razılaşmanı Azərbaycanın dəmir yumruğu hesabına qəbul etmək məcburiyyətində qaldı