Çində koronavirusdan ölənlərin sayı 491 nəfərə çatıb

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 24 min 365 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 491 nəfərə çatıb.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 mini ötüb. İndiyədək 895 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 3 min 219 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 479-u virusun aşkarlandığı və ən çox yayıldığı (16 min 678 nəfər) Xubey vilayətində qeydə alınıb.

İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 252 min 154 nəfər müəyyən edilib, onlardan 185 min 555 nəfəri həkim nəzarətinə alınıb.

Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə 182 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

ƏvvəlkiYol vermədiyi üçün sürücünü öldürdü
NövbətiABŞ-ın daha bir ştatının Senatı 20 Yanvar faciəsi ilə bağlı bəyannamə qəbul etdi