Ceyhun Bayramov Rumıniya Senatının sədrini bölgədəki vəziyyət barədə məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb.

Xarici İşlər Nazirliyindən “Report”a bildirilib ki, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regionda və dünyada mövcud vəziyyət müzakirə olunub.

C.Bayramov, ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Rumıniya ilə ötən il diplomatik münasibətlərimizin 30 illiyinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında qarşılıqlı səfərlər, təmasların, o cümlədən parlament diplomatiyasının rolunu vurğulayıb. Bu istiqamətdə, münasibətlərin daha da genişləndirilməsi məqsədilə iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının inkişafının zəruri olduğu vurğulanıb.

Nazir Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində dəstək və həmrəyliyə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunun təqdirəlayiq olduğunu qeyd edib.

İki ölkə arasında strateji tərəfdaşlığın bir sıra istiqamətlərində, xüsusilə ticarət dövriyyəsinin artırılması, iqtisadi, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Alternativ enerji, rəqəmsal inkişaf sahəsində əməkdaşlığın inkişaf potensialı diqqətə çatdırılıb.

Görüş zamanı qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın yenidənqurma, reinteqrasiya və sülh quruculuğu fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Nazir xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində tərəfimizdən görülən, qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyan antiterror tədbirlərindən sonra regionda reinteqrasiya və sülh gündəliyinin irəlilədilməsi üçün münbit şəraitin yarandığını vurğulayıb.

Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin bundan sonra da Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi üzrə əməli addımlar atmaqda qərarlı olduğu diqqətə çatdırılıb.

Senatın sədri Nikolae Çuka, Rumıniyanın Baş naziri qismində ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, cari ilin oktyabr ayında isə Parlament Senatının sədri qismində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşlərə istinad edərək, bu kimi təmaslar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinin əməkdaşlığa töhfə verdiyini bildirib. Rumıniyanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində Azərbaycanın səylərini dəstəklədiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşü olub
NövbətiÇövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstanı məğlub edib