Ceyhun Bayramov: Azərbaycan DİM-in həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə edib

Martın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri zamanı BMT Baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə ali nümayəndəsi Rabab Fatima ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyini və humanitar sahədə həyata keçirilən layihələrdə ölkəmizin iştirakı, ən az inkişaf etmiş ölkələrə göstərilən yardımlar, 130-a yaxın ölkəyə yardım proqramları barədə ətraflı məlumat verib. Azərbaycanın təqaüd və təlim proqramlarından faydalanmaq imkanları diqqətə çatdırılıb.

Nazir Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayaraq hazırda ölkəmizdə BMT-nin müəyyən etdiyi davamlı inkişaf gündəliyinin icrası, şaxələndirilmiş, texnologiya və elm tutumlu iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl tədbirlərin icra olunduğu barədə məlumat verib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində ölkəmiz tərəfindən göstərilən səylər barədə məlumat verən Ceyhun Bayramov Ermənistanın təxribatları barədə də məlumatı qarşı tərəfin diqqətinə çatdırıb.

BMT Baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə ali nümayəndəsi Rabab Fatima rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb. Rabab Fatima Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələrin xüsusilə dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarını artıracağını və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əsaslı töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycanın yardım proqramlarının əhəmiyyət daşıdığı bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiAstaranın 4 kəndində yanğın davam edir
NövbətiTürkiyə müxalifətinin prezidentliyə namizədi bəlli oldu