C.Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib

Müdafiə Nazirliyinin qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində  Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2021-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 23 iyul 1971-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu “Xüsusi Orta internat-məktəb yaradılması haqqında” qərar qəbul edib və həmin qərara əsasən Azərbaycan SSR Maarif Nazirliyi və Respublika Hərbi Komissarlığının hərbi məktəblərə daxil olmaq üçün kontingent hazırlamaq məqsədilə Bakı şəhərinin Zığ qəsəbəsindəki 2 nömrəli 8 illik internat-məktəbi təkmilləşdirmək haqqında təklifi bəyənilib.

Həmin qərara əsasən hər il internat-məktəbin iki 5-ci sinfinə 70 nəfər şagird qəbul edilməsi, xüsusi məktəb haqqında müzakirənin aparılması, onun pul vasitəsilə təminatı və şagirdlərin pulsuz oxuması məsələsinin həll edilməsi, 3 ay müddətində xüsusi internat-məktəb haqqında Əsasnamə hazırlanması və təsdiqi Azərbaycan SSR Nazirlər Soveti, Azərbaycan SSR Maarif Nazirliyi, Respublika Hərbi Komissarlığı və Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə tapşırılıb.

Azərbaycan SSR Nazirlər Sovetinin 15 noyabr 1971-ci il tarixli 311 nömrəli Sərəncamına əsasən Azərbaycan SSR Maarif Nazirliyinə 1971-1972 tədris ilində 2 nömrəli səkkizillik internat-məktəbin bazasında hərbi məktəblərə daxil olmaq üçün kontingent hazırlayan, hər il iki 5-ci sinfə 70 nəfər qəbul etməklə orta internat-məktəb təşkil etməyə, eləcə də məktəbin ştatına fəaliyyətdə olan adi tipli internat-məktəblərin ştatından fərqli olaraq, Əsasnaməyə uyğun 4 əlavə vəzifə daxil etməyə icazə verilib, xüsusi internat-məktəb şagirdlərinin bütün təhsil müddəti ərzində tam dövlət təminatında olacaqları müəyyən edilib, Azərbaycan SSR Maliyyə Nazirliyinə respublika büdcəsindən ayrılıb, 1971-ci ilin 9 ayı ərzində sosial-mədəni tədbirlər üzrə mənimsənilməmiş vəsaitin hesabına göstərilən məktəbə avadanlıq və ləvazimat almaq üçün Maarif Nazirliyinə 50 min manat pul ayırması tapşırılıb.

Ölkəmizin dövlət başçısı Heydər Əliyev 1971-ci ilin noyabrında internat-məktəbə bayraq təqdim edərək, analoqu olmayan ixtisaslaşdırılmış hərbi təmayüllü ibtidai təhsil ocağına “qırmızı terrorun” qurbanı olan görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adının verildiyini bildirib.

Məktəbin yetirmələri ayrı-ayrı qoşun növlərində xidmət edərək Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərib, respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparıb, neçəsi şəhidlik zirvəsinə ucalıbdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 mart 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını mükəmməl ödəmək, Naxçıvan Müxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı açılıb və Ümummilli Liderimizin əbədiyyətə qovuşmasından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sisteminin təkmilləşdirilməsi və Milli Ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilərək onun əsasında Heydər Əliyev adına hərbi lisey yaradılıb.

Hər iki hərbi liseyin onlarla məzunu “Vətən Müharibəsi Qəhrəmanı” və  “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb, ölkənin ən yüksək orden və medalları ilə təltif olunublar.

Ulu öndər Heydər Əliyevin Sərəncamları ilə hərbi liseyin 25 və 30 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilib.

19 aprel 2003-cü ildə unudulmaz rəhbərimiz Heydər Əliyev son dəfə yaratdığı hərbi liseyi ziyarət edərək şəxsi heyətlə görüşüb və onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıbdır.

Həmin tarix hər il məktəbdə “Cəmşid Naxçıvanski adına hərbi lisey günü” kimi qeyd edilir.
Bütün bu məsələlər barədə Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən ənənəvi “Hərbi Lisey Günü” tədbirində ətraflı məlumat verilib.

Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu analoqu olmayan tədris ocağının rəhbərliyi, müəllim, zabit, kursantlarından bir qrupu xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra ilk təntənəli yubiley tədbiri başlanıb.

Ulu öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2021-ci il tarixli Sərəncamı tədbir iştirakçıları tərəfindən minnətdarlıq və alqışlarla qarşılanıb.
Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov bu tarixi Sərəncama görə dövlətimizin başçısına, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə kollektiv adından dərin minnatdarlığını bildirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırıb.
Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Ənvər Əfəndiyev çıxış edərək bu Sərəncamın tarixi əhəmiyyətindən və peşəkar hərbçi kadrların hazırlanması istiqamətində bundan sonra da mühüm əhəmiyyət kəsb edəcəyindən danışıb.

General-mayor Ə.Əfəndiyev deyib: “Respublikamız müstəqilliyini bərpa etdikdən sonra hərbi liseyin məzunu olmuş 4332 kursant müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirərək zabit rütbəsi almış və bu gün onlar Silahlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun zabit heyətinin böyük əksəriyyətini təşkil edirlər. Onlar respublikamızın təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında fədakarlıq, əzmkarlıq, şücaət və rəşadət nümunələri göstərirlər. Məktəbin məzunlarından 20 nəfər ali hərbi rütbəyə yüksəlmiş, 11 nəfər “Azərbaycanın Milli Qəhərmanı” adına layiq görülmüş, yüzlərlə məzun döyüş orden və medalları ilə təltif olunmuşlar. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 gün davam edən Vətən müharibəsində hərbi liseyin məzunları böyük rəşadət və şücaət nümunələri göstərmişlər. 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” (9 nəfər ölümündən sonra) fəxri adına layiq görülmüş, 235 nəfər isə orden və medallarla təltif edilmişdir. Həmçinin Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 nəfər zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak etmiş, onlardan mayor Əliyev Asiman Vaqif oğlu şəhid olmuş, 3 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər almışlar. Hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalmışdır”.

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Cəmşid Naxçıvanski adına hərbi liseyin bir qrup hərbi qulluqçusunun və pedaqoji heyət üzvünün mükafatlandırılması haqqında əmri oxunub və mükafatlar sahiblərinə təqdim edilib.
Cəmşid Naxçıvanski adına hərbi lisey haqqında bir neçə kitabın müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Ulu öndərlə görüşləri və analoqu olmayan bu məktəbin yaranması, hansı çətinliklərlə bugünkü səviyyəyə çatmasında əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin müstəsna xidmətləri barədə ətraflı məlumat verib.

A.Qurbani nəzərə çatdırıb ki, Ulu Öndərin milli zabit kadrlarının yetişdirilməsi məqsədilə belə bir məktəb yaratması, ona Cəmşid Naxçıvanskinin adını verməsi Moskva tərəfindən heç də birmənalı qarşılanmamışdı. Ardıcıl olaraq Azərbaycana yoxlama komissiyaları göndərilmiş, “Əgər azərbaycanlı gəncləri gələcəkdə ordu sıralarında zabit kimi görmək istəyirsinizsə, onları Suvorov, Naximov adına məktəblərə göndərin” deyə Bakıdakı məktəb-internatın ləğv olunması barədə göstərişlər verilmişdir.

Lakin respublikamızın gələcəkdə öz müstəqilliyini bərpa edəcəyinə əmin olan uzaqgörən dahi liderimiz Heydər Əliyev qətiyyətlə yaratdığı təhsil ocağını yad təsirlərdən qoruyaraq onun fəaliyyətinin davam etdirməsi üçün səylərini əsirgəməmişdir.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan KP MK və Nazirlər Soveti “Divkom Cəmşid Naxçıvanski adına Respublika Xüsusi internat-məktəbi fəaliyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” (20 aprel 1976-cı il №154), “Divkom Cəmşid Naxçıvanski adına Respublika Xüsusi internat-məktəbi iş şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” (30 iyun 1978-ci il №220), “Divkom Cəmşid Naxçıvanski adına Respublika Xüsusi internat-məktəbi maddi-texniki bazasının genişləndirilməsi tədbirləri haqqında” (18 iyun 1981-ci il №303) sərəncamlar vermiş və  bu sərəncamlardan irəli gələn vəzifələr uğurla həyata keçirilmişdir.

1990-cı illərin əvvəllərində məktəb yenidən bağlanmaq təhlükəsi ilə üzləşmiş, lakin Ulu Öndərimizin xalqın təkidli xahişi ilə yenidən Azərbaycan hakimiyyətinə qətiyyətli qayıdışı ilə indiki Cəmşid Naxçıvanski adına hərbi lisey bu təhlükədən də xilas edilmişdir.
Məktəbin yetirməsi, Vətən Müharibəsi Qəhrəmanı birinci dərəcəli kapitan Zaur Quliyevi tədbir iştirakçıları alqışlarla qarşılayıb, onu bu ali mükafata – fəxri ada layiq görülməsi münasibətilə təbrik ediblər.

Vətən Müharibəsi Qəhrəmanı Z.Quliyev bundan sonra da Heydər Əliyev ideyalarına sadiq olacağına, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmr və göstərişlərini layiqincə yerinə yetirəcəyinə and içib və bundan sonra da sevimli hərbi liseyində yeni-yeni qəhrəmanların yetişəcəyinə əminliyini bildirib.

Hərbi liseyin ilk məzunlarından ehtiyatda olan polkovniklər Rüfət Əmirov və Şair Ramaldanov Ulu öndərlə bağlı  xatirələrini bölüşüb, sevimli müəllim və komandirlərini yada salıb və harada olmalarından, hansı vəzifələrdə xidmət etmələrindən asılı olmayaraq Vətənə sədaqətli xidmətləri ilə təhsil aldıqları bu müqəddəs ünvana həmişə başucalığı gətirməyə çalışdıqlarını bildiriblər.

Hərbi liseyin müəllimlərindən Maisə İmanova və Sahib Əsədov vaxtilə dərs dedikləri kursantlarla fəxr etdiklərini, onların uğur və nailiyyətlərindən qürur duyduqlarını qeyd ediblər.

Kursant Sunay Hacıyev hərbçi ailəsində doğulduğundan, cəbhə bölgəsində, Horadiz şəhərində ilk təhsil aldığından və gələcəkdə atasının peşəsini davam etdirmək üçün bu məktəbi seçdiyindən fəxarət hissi ilə danışıb və kursant yoldaşları adından söz verib ki, hərbi liseyin məzunları olan minlərlə hərbi qulluqçunun davamçıları olaraq onların qəhrəmanlıq ənənələrini davam etdirəcəklər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin Vətəni, qalib Azərbaycan Ordusunu, Müzəffər Ali Baş Komandanı tərənnüm edən vətənpərvəlik manıları ilə tədbir sona yetib.

ƏvvəlkiXəzər Universitetində beynəlxalq layihə çərçivəsində yeni müsabiqəyə başlanılıb
NövbətiZəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb