Bu gün Bakının 300-dən çox küçə və prospektində dezinfeksiya işlərinin aparılması nəzərdə tutulur

Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri tərəfindən son bir ay ərzində artıq üçüncü dəfə paytaxt ərazisində genişmiqyaslı, ümumşəhər dezinfeksiya işləri həyata keçirilir. Belə dezinfeksiya işləri indiyədək iki dəfə – aprelin 18-də və mayın 2-də olmaqla aparılıb. Əvvəlkilərdən fərqli olaraq, bu aparılan dezinfeksiya işlərinin miqyası daha da genişləndirilib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.

O bildirib ki, gün ərzində paytaxtdakı 300-dən çox əsas küçə və prospektdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən dezinfeksiya işlərinin aparılması nəzərdə tutulur. Həmin ərazilər vətəndaşların daha sıx, nəqliyyatın intensiv olduğu ərazilərdir. Mütəxəssislərin rəyi əsasında hazırlanan müxtəlif xüsusi kimyəvi maddələrdən istifadə etməklə, onların müəyyən toksikliyi nəzərə alınaraq, bu proses sürətli şəkildə, iki həftədən tez olmamaqla həyata keçirilir.

Bununla yanaşı, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki və dezinfeksiyaedici işlər görülür.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti ənənəvi olaraq növbəti genişmiqyaslı dezinfeksiya işlərinə də dəstək verir. Nazirliyin 20-yə yaxın xüsusi təyinatlı avtonəqliyyat vasitəsi dezinfeksiya tədbirlərində fəal iştirak edir.

Eyni zamanda, Bakı şəhəri, eləcə də paytaxt rayonlarının icra hakimiyyətlərinin əməkdaşları, operativ qərargahların üzvləri, könüllülər sakinlərin daha çox toplandığı küçə və prospektlərdə maarifləndirici reydlər keçirərək, vətəndaşlara tibbi maskalar paylayır, xəstəliyə yoluxmamaq üçün lazımi tədbirlərin görülməsi yolları izah edilir.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

ƏvvəlkiBakıda yeniyetməyə qarşı xuliqanlıq edən qızlar saxlanıldı
NövbətiBakıda “avtoş”luq edən şəxslər həbs edildi