Bioloji silah və millətimiz

Əvvəlcə “CORONAVİRUS 2019-nCOV”, daha sonra “COVİD-19 adlandırılmış koronavirus artıq ötən ilin sonundan artan silsilə ilə dünya KİV-nin gündəmini tutmaqdadır. Dünyanın 28 ölkəsində xəstəliyin fəsadları qeydə alınıb. Yaponiya sahillərində Diamond Princess kruiz layneri karantinə götürülüb, gəminin göyərtəsindəki 3700 sərnişindən 175-i koronavirusa yoluxub. Xəstəliyin əsas zərbəsinə Çin hədəf olub.

İki gün öncə verilmiş xəbərə görə, Çində, xüsusilə xəstəliyin episentri olan Uhan şəhəri və ətrafında xəstəlikdən 1300-dən çox çinli dünyasını dəyişmişdir. Daha 44 min nəfər xəstəliyə yoluxmuşdur. Lakin Çin siyasi dairələrini insan itkisindən daha çox, ölkənin iqtisadiyyatına dəyən zərbə  narahat edir.

ÇİN İQTİSADİYYATI ÇÖKMƏKDƏ

Fevralın 3-dən 13-ə qədər Çində ay təqvimi ilə yeni il bayramları idi. Lakin Çin üzrə məzuniyyət daha bir neçə gün uzadılıb. Çinin Alibaba internet kompaniyası fevralın 16-a qədər ofislərini bağlayıb. Çindən avtomobil ehtiyat hissələrini alan Cənubi Koreyanın Hyundai şirkəti bütün xırda və orta həcmli müəssisələrinin işini dayandırıb. Hyundai artıq digər ölkələrdə ehtiyat hissələri axtarır. BMW и Volkswagen şirkətləri də Çindəki müəssisələrini dondurdular.

ABŞ-ın Apple şirkəti Çindəki 42 dükanını, Disney и McDonald’s Çindəki bütün obyektlərini qapatmışlar. Çin fond birjası bütünlüklə çökmüşdür. Ned David Research kompaniyasının proqnozlarına görə, koronavirus energetik və neft məhsulları bazarını çökdürməkdə davam edir.

Koronavirus nəinki Çin iqtisadiyyatına birbaşa ziyan vurmuşdur, həmçinin, onun dolayı ziyanı da vardır ki, bunun ağır nəticələri hələ özünü tam göstərməyib. Çinə turist axını faktiki dayanıb, əcnəbi turist firmaları xarici ölkələrə çinli turistlərin səfərlərinin təşkilindən imtina edirlər. Ölkəni əcnəbi tələbələr, turistlər, alimlər və mütəxəssislər sürətlə tərk edirlər.

Zərbə həmçinin, Çinin iqtisadi müttəfiqlərinə də dəyməkdədir. Məsələn, Rusiyadan neft və neft məhsullarının çinlilər tərəfindən alışı azalıb. Çinə meşə-odun və sellüoza ixrac edən rus şirkətləri də dərin böhran içindədirlər. Rusiyanın yüngül sənayesi üçün hazır malın və yarımfabrikatlar idxalının 90%-i Çinin payına düşürdü. Hal-hazırda Rusiya yüngül sənayesi tükənməkdə olan ehtiyat bazalarının ümidinə qalıb.

KORONAVİRUSUN MƏNBƏYİ

Koronaviruslar hələ 1965-ci ildə elmə məlum olmuşdur. Adi qrip virusundan onu fərqləndirən cəhət budur ki, koronavirusları insanın immun sistemi tanıya bilmir. COVİD-19 adı almış koronavirusun ştammı ilk dəfə Çinin Hubey vilayətinin ən iri şəhəri olan Uhan şəhərində qeyd edilib. 9 milyonluq şəhərdə qeydə alınmış virus sürətli yayılma və zəif immunitetə malik insanların (əsasən uşaq və qocaların) ölümünə səbəb olma qabiliyyəti ilə fərqlənir. Xəstəliyə yoluxmuş insanın ilk dövrdə özünün belə, xəbəri olmadan artıq ətrafdakılar üçün təhlükəyə çevrilməsi – bu koronavirusun ən qorxulu xüsusiyyətidir.

Mütəxəssislərin fikrincə, xəstəliyin ilkin yayılma mənbəyi Uhan şəhərin meyvə-tərəvəz və canlı ərzaq (həşəratlardan, ilanlardan tutmuş mal və donuz ətinədək) bazarı idi. Xəstəliyin geniş yayılması üçün bazar ən münbit meydandır. Həmçinin, Uhan şəhərinin tibb müəssisələri bu cür hadisəyə hazır deyildilər.

COVİD-19-un mənbəyi barədə müxtəlif versiyalar var. Birinci versiyaya görə, Uhanda mövcud məxfi virusologiya institutunda hərbi təyinatlı bioloji silahlar hazırlanırdı.

İsrailin MOSSAD kəşfiyyatının keçmiş zabiti, hərbi analitik Deni Şoxam belə bir fikir irəli sürmüşdür ki, çinli hərbi alimlərinin yaratdığı ştamm (müəyyən virus  növü) heyvanlar üzərində aparılan təcrübələr zamanı təhlükəsizliyini itirmişdir. Təcrübə heyvanı laboratoriyadan qaçmış və ya təcrübə zamanı hərbi həkimlərdən kimsə özü də bilmədən virusa yoluxmuşdur. Beləliklə, hərbi təyinatlı bioloji kütləvi qırğın silahı laboratoriyadan kənara çıxmışdır. Amma bəzi mütəxəssislərə görə, bu cür versiya çox da inandırıcı deyil. Çünki təhlükəli ştammla işləyən alimlərdən tutmuş, təcrübə heyvanlarına qədər bütün sübyektlər ciddi nəzarət altında olurlar.

İkinci versiyaya görə, koronavirusu Çində ABŞ xüsusi kəşfiyyatı yayıb. Bu versiyanı əsasən rusiyalı hərbi ekspert İqor Nikulin irəli sürmüşdür. Onun fikrincə, Uhan öz logistik imkanlarına görə, Moskva ilə bərabər tutula bilər. Burada dünyanın bir çox güşəsinə gedib çıxan hava, dəmir yolu, çay və avtomobil yolları kəsişir. Şəhər Çinin iri iqtisadi və ticari mərkəzlərindən biridir. Amma Moskvadan fərqli olaraq Uhanda epidemioloji təhlükəsizlik zəifdir. Çox maraqlıdır ki, koronavirusun yayılması ərəfəsində Uhanda yerləşən ABŞ konsulluğu bağlanır. İ.Nikulinə görə, açıq mənbələrin xəbərlərindən belə alınır ki, COVİD-19-a, əsasən, eyni bir irqi populyasiyanın nümayəndələri yoluxur, yəni, xanilər (etnik çinlilər). Hətta, Rusiya, Fransa və İtaliyada virusa yoluxanlar etnik çinlilərdir. Almaniya və ABŞ-da yoluxanların etnik mənsubiyyəti barədə məlumatlar məxfiləşdirilib ki, bu ölkələrdə etnik gərginlik yaranmasın. İ.Nikulinin fikrincə, virus təyinatlı xarakterlidir, bu funksiya isə, yalnız genetik silaha xasdır.

Bu versiyanı əsaslandıran digər faktlar da var. Rusiyanın tvzvezda.ru saytı qeyd edir ki, ABŞ-ın maqnatı Bill Geyts hələ 2019-cu ildə Pentaqonla və farmasevt konsernlərlə birgə təlim məqsədi ilə “65 milyon insanı məhv etmiş virus epidemiyası” senarisini modelləşdirmişdi. Həmçinin, ABŞ prezidenti Donald Tramp yarım il əvvəl belə bir ifadə işlətmişdi ki, “əgər Çin mövqeyini dəyişməsə, peşman olacaq”.

Digər tərəfdən, ABŞ-ın  əlində olan qlobal media resursları bütün dünyaya Çindəki virus barədə məlumatı hər saat yaymaqdadırlar. Faktiki ABŞ-ın, yəni anqlo-sakson qüvvəsinin nəzarətində olan əsas qlobal media vasitələri bütün dünyada Çin və çinlilər barədə neqativ imic yaradıb. Digəl ki, ABŞ-ın özündə ötən ilin oktyabrından bu günə kimi yayılan qrip virusu artıq 8300 nəfərdən çox amerikalının ölümünə səbəb olmuşdur. Amma heç bir qlobal media bu məlumatı hər saat gündəmə gətirmir?!

Çin hərbi kompleksi ilə bağlı xəbər saytlarında dərc edilən analitik yazılarda qeyd edilir ki, koronavirus təbii mutasiyanın nəticəsi deyil və bu virus DNT markerlərinə əsalanaraq yalnız xüsusi qrup insanlara (bio-etnik xüsusiyyətli) təsir edə bilir. Bu nəşrdən sonra ABŞ və Çin saytlarında virusun yaradılmasında qarşılıqlı ittihamlar başladı.

Qarşılıqlı ittihamlar fonunda çinli analitiklər 1979-cu ilin aprelində SSRİ-də Sverdlovskda (indiki Yekaterinburqda) Sibir xorası epidemiyasını xatırladırdılar. Belə ki, 1980-ci ildə SSRİ-də keçiriləcək Olimpiada ərəfəsində Sverdlovsk vilayətinin məxfi 19 saylı hərbi şəhərciyində yayılmış Sibir xorası 100 nəfərin ölümünə səbəb olmuşdu. O zaman SSRİ bu xəbəri gizli saxladı. Rus virusoloqu M.V.Supotnitski və ABŞ alimi M.Mezelsona görə, Sverdlovskdakı Sibir xorası eyni zamanda bir neçə episentrdən yayılmağa başladı ki, bu da virusun 19 saylı məxfi hərbi şəhərcikdəki laboratoriyadan sızması barədə versiyasını inkar edir. Alimin fikrincə, virus əsasən 19 saylı məxfi hərbi şəhərciyin avtobus dayanacaqlarında, insanların daha çox olduğu səhər saatlarında qəsdən yayılmışdı. Sovet-rus akademiki P.N.Burqasova görə, meyitlərdən götürülmüş analizlər nəticəsində Sverdlovskda yayılmış Sibir xorasının ikisinin quruluşu Kanadada, ikisinin isə, Cənubi Afrika Respublikasında daha əvvəlki illərdə yayılmış xora virusu ilə eyni olması müəyyən edildi. Həmin epidemiya viruslarının ştammları ABŞ-ın hərbi bioloji laboratoriyalarında saxlanılır. Sovet rəhbərliyi bilirdi ki, bu, xarici kəşfiyyatın diversiyasının nəticəsidir, amma bunun açıqlanması SSRİ KGB-sinin işinin və təhlükəsizliyinin zəif olması barədə həm ölkə daxilində və həm də xaricdə fikiri möhkəmləndirərdi. Lakin xəstəlik barədə xəbər nə qədər məxfi saxlanılsa da, çox müəmmalı şəkildə aprel ayının sonunda ABŞ-ın “Azadlıq” radiosu SSRİ-nin Sverdlovsk vilayətinin məxfi 19 saylı hərbi şəhərciyində epidemiya və ölənlər barədə xəbəri bütün dünyaya yaydı və həmçinin, belə bir versiya söyləndi ki, virus hərbi şəhərcikdəki gizli laboratoriyadan sızıb.

İndi bunu əsas gətirərək, çinli analitiklər ABŞ-ı ittiham edirlər ki, Uhandakı epidemiya Sverdlovskdakı yoluxucu xəstəliyin yayılması ilə eyni senari üzrə (hərbi virusologiya laboratoriyasının olduğu şəhər, insanların sıx toplaşdığı ərazi, virusun süni kökləri) ortaya çıxıb.

AZƏRBAYCAN VƏ BİOLOJİ SİLAH TƏHLÜKƏSİ

COVİD-19 koronavirusu ilə bağlı Azərbaycanda görülmüş, görülən və görüləcək təhlükəsizlik tədbirləri mövzusuna toxunmayacağıq. Hətta vəzifəsindən sui-istifadə edib dövlət büdcəsini çapıb-talayan korrupsioner də anlayır ki, yoluxucu xəstəlik üçün iqtidar və müxalifət, diktator və demokrat, çoxsaylı və azsaylı etnik toplum anlayışı yoxdur.

Bizi düşündürən digər məsələdir. Bəllidir ki, hər bir elm sahəsində olduğu kimi ermənilər virusologiya, rekombinant genetika və etnik genetika sahəsində mütəxəssislərə malikdirlər. Bizim belə elmi potensialımız və kadrlarımız yoxdur. Bu yoxluğun obyektiv və subyektiv səbəbini araşdırmaq məqaləmizin mövzusu deyil.

Əsas məsələ odur ki, ermənilər və ermənipərəst ölkələr strateji elm sahələrinə sahibdirlər. Allah göstərməsin, günü sabah ermənipərəst qüvvələrin istəyi ilə, Azərbaycanda diversiya qrupları dəhşətli yoluxucu virus yaymağa nail olsalar, epidemiya, panika və sosial təlatüm faktiki yeni erməni işğallarına şərait yarada bilər. Çünki ermənilər və ermənipərəst qüvvələr bilirlər ki, Azərbaycan qarşılıqlı cavab vermək imkanında deyil.

Millətçi olaraq biz yalnız təklif edə bilərik ki, Azərbaycanda virusologiya və nəhayət ki, etnik genetika üzrə elmi potensial yaradılsın. Milyonlarla dolların xərcləndiyi hansısa yarışlar və tədbirlər yaxşıdır, amma elm, xüsusilə strateji və hərbi xarakterli elm sahəsinə malik olmaq daha yaxşıdır. Çünki mümkün təhlükələrdən bizi milyonların xərcləndiyi tədbirlər və yarışlar qoruya bilməyəcək…

Qarxunlu

“Millətçilik” qəzeti 

ƏvvəlkiAzərbaycanın Müdafiə naziri NATO-nun toplantısında iştirak edib
NövbətiElşən Gəncəvi Ceyhun Məmmədovu təbrik etdi