Binəqədidə akademik Zərifə Əliyevanın 95 illiyi münasibətilə tədbir keçirilib

Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət   parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə APA-ya Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Azay Quliyev, Binəqədi RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbiri açıq elan edən aparıcı, Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verib.

Çıxış edənlər millət vəkilləri Kamaləddin Qafarov, Azay Quliyev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə ediblər. Natiqlər bildiriblər ki, onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə xidmət edib.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb. Natiq çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi  ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı həm elmi fəaliyyətində uğurlar qazanmış alim, həm də öz  fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirib. X.İsgəndərov Zərifə xanım kimi insanların Azərbaycan xalqının sərvəti olduğunu kimi bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.

Daha sonra tədbir əməkdar artist Hüsniyyə Mürvətovanın  ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib, Cəfər Cabbarlının “Ana”,  Leyla Əliyevanın “Zaman” şeirləri səsləndirilib.

Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış olublar.

ƏvvəlkiMoskvada Rusiya və Türkiyə XİN başçılarının görüşü keçirilib
NövbətiRusiyalı deputatlar Ermənistan patriarxından xalqa müraciət etməyi xahiş ediblər