Binəli Yıldırım: Türkiyə bu haqq mübarizəsində Azərbaycanın yanındadır və yanında olmağa davam edəcək

Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım noyabrın 2-də Bakıda jurnalistlər üçün mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, B.Yıldırım İzmirdə baş verən hadisələr zamanı Türkiyənin Azərbaycanın dəstəyini daim hiss etdiyini deyib və ölkəmizə minnətdarlığını bildirib.

Dağlıq Qarabağ münaqişəsi haqqında danışan B.Yıldırım Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, qardaş ölkəni daim dəstəkləyəcəklərini vurğulayıb. O qeyd edib: “1990-cı illərin əvvəllərində Xocalıda törədilən soyqırımının, həmçinin Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğalı qəbuledilməzdir. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan qovulub. Hazırda tərəfləri sülhə səsləyənlər o zaman baş verənləri görməzdən gəlirdilər. Vəziyyətin həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı. Lakin bu qrup vəzifəsinin öhdəsindən gələ bilmədi. Ona görə də Azərbaycan öz haqqı uğrunda mübarizə aparır. Türkiyə bu haqq müharibəsində hər zaman Azərbaycanın yanındadır və yanında olmağa da davam edəcək. İşğal altındakı hər bir ərazinin əsl sahibinə qaytarılması bir qardaş kimi bizi çox sevindirir”.

B.Yıldırım qeyd edib ki, Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr həm bu iki ölkə, həm də Qafqaz regionu üçün böyük əhəmiyyətə malikdir. Türkiyə ilə Azərbaycan arasında siyasi, sosial və digər sahələrdə əməkdaşlıq bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsinə, rifahın yüksəldilməsinə yönəlib.

ƏvvəlkiPrezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edib
NövbətiCeyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb