Baş Prokurorluq: Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində Bərdə rayonunda həlak olan mülki şəxslərin sayı dördə çatıb

Ermənistan silahlı qüvvələrinin saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində xəsarət alan şəxslərdən İsmayılov Ehtiram Xəlil oğlu da həlak olub.

Bununla da həlak olanların sayı dördə çatıb. Baş Prokurorluğun hadisə ilə bağlı ilk açıqlamasında düşmənin ağır artilleriya atəşi nəticəsində üç nəfərin – Cəfərova Ofeliya Məcid qızının, Əhmədova Aybəniz Əşrəf qızının və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızının həlak olduğu, 7 nəfərin isə xəsarət aldığı bildirilmişdi.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasına 663 yoluxma faktı qeydə alınıb, daha 283 nəfər sağalıb
NövbətiVüsal Qasımlı: “Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçib”