Baş nazir Əli Əsədov Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirəsi baxımından önəmi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri ilə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi bildirilib.

Azərbaycan-Çin münasibətlərinin bu gün strateji tərəfdaşlıq xarakteri daşıdığı diqqətə çatdırılıb. İki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, nəqliyyat-logistika, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə olunmuş məsələlərə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Şərq-Qərb, Orta dəhliz, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

Görüşdə Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

ƏvvəlkiAzərbaycan filmi Fransada 3 mükafat qazanıb
NövbətiBaş nazir Əli Əsədov Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb