Baş nazir Əli Əsədov beynəlxalq ağacəkmə aksiyasında iştirak edib

Noyabrın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilmiş, Yaxın Şərq, Balkan, Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Afrika ölkələrini əhatə edən “Gələcəyə nəfəs ol!” beynəlxalq ağacəkmə kampaniyasında iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Hökumətinin üzvlərinin iştirakı ilə Abşeron rayonunun Xocasən qəsəbəsində təşkil edilən tədbir çərçivəsində 11 hektar ərazidə 11 min ağac əkilib.

Ankara ilə Bakı arasında canlı bağlantıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbət zamanı Baş nazir Əli Əsədov başda Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə rəhbərliyinə və bütün qardaş Türkiyə xalqına Azərbaycanın Qələbəsi ilə əlaqədar verdikləri dəstəyə, göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib.

Otuzadək ölkəni əhatə edən ağacəkmə aksiyası Azərbaycanın bütün bölgələrində təşkil olunub. Aksiya zamanı on minlərlə ağac əkilib.

Kampaniya, həmçinin Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də keçirilib.

Aksiya zamanı Azərbaycan, Bosniya və Herseqovina, İraq, Liviya, Malta, Monteneqro, Qazaxıstan, Gürcüstan, Ukrayna, Serbiya, Əfqanıstan, Özbəkistan və Albaniya daxil olmaqla, 70 ölkə təmsilçisinin iştirakı ilə ağaclar əkilib.

ƏvvəlkiAraik Arutunyan: “1 500 erməni əsgəri onlarla azərbaycanlının qabağından qaçırdı”
NövbətiOPEC Azərbaycan üzrə maye karbohidrogen hasilatı proqnozunu azaldıb