Bakıdakı abidələrlə bağlı monitorinqlərə başlanılıb, məlumat lövhələri dəyişdiriləcək

Bakıdakı bəzi abidələrin üzərindəki məlumat lövhələri yeniləri ilə əvəzlənəcək.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Xidməti Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinin mühafizəsinin gücləndirilməsi, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə monitorinq aparılır. Eyni zamanda bir müddət öncə paytaxtda yerləşən tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələri də monitorinq edilir.

Aparılan monitorinqlər nəticəsində bəzi tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələrinin vurulma texnikası, orada yer alan məlumatlarla bağlı qeyri-dəqiq faktlar aşkar olunub, habelə bəzi abidələrin mühafizəsinin düzgün qurulmadığı müəyyən edilib. Hazırda qeyd olunanları nəzərə almaqla məlumat lövhələrində yer alan informasiyaların təhlil edilərək dəqiqləşdirilməsi, əlavə məlumatların daxil edilməsi və yenilənməsi üçün tədbirlər görülür, həmçinin mühafizə işinin gücləndirilməsi istiqamətində addımlar atılır.

Dövlət Xidmətindən qeyd olunub ki, abidələrin üzərindən məlumat lövhələrinin çıxardılması binanın abidə statusunun itirilməsi deyil, bu lövhələrdə aşkar edilmiş nöqsanlarla bağlıdır. Bu lövhələr araşdırmalar bitdikdən sonra yeniləri ilə əvəzlənəcək.

ƏvvəlkiYevlaxda yataqxanada yanğın olub
NövbətiRusiya İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb