Bakıda məhkumlar yeni inşa edilən penitensiar müəssisələrə köçürülüb

Azərbaycanda qadın və yetkinlik yaşına çatmayan məhkumlar yeni inşa edilən penitensiar müəssisələrə köçürülüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bildirib.

O deyib ki, penitensiar müəssisələr Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Bakı İstintaq təcridxanasının yaxınlığında yerləşir.

Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı var.

Yeni müəssisələrdə yaradılmış istehsal bölməsində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar.

Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir.

Yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub. Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar var.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 29-da cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunan müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub.

ƏvvəlkiƏli Əsədov Finlandiya və Litvanın statistika qurumlarının rəhbərləri ilə görüşüb
Növbətiİqtisadiyyat Nazirliyində sahibkarlarla görüş keçirilib