Bakı Slavyan Universitetində ADMİU-nun 100 yaşı qeyd edilib

Noyabrın 24-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə deputatlar, müxtəlif təşkilatların təmsilçiləri, hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konsertdən öncə BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev çıxış edərək, Mədəniyyət və İncəsənət Universitetinin kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu deyib. ADMİU-nun gələcək fəaliyyətində uğurlar arzulayan rektor iki universitet arasındakı dostluq münasibətindən və işgüzar əlaqələrdən danışıb, bu dostluğun gələcəkdə də davamlı olacağına inandığını vurğulayıb.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxışında qonaqpərvərliyə görə BSU rəhbərliyinə təşəkkürünü bildirib, 100 illik yubileylə bağlı görülən işlərdən danışıb. Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin müvafiq sərəncamını xatırladan xanım rektor, bu sərəncamın kollektivi çox sevindirdiyini və böyük məsuliyyət olduğunu qeyd edib.

C.Mahmudova Mədəniyyət və İncəsənət Universitetinin bu 100 ildə Azərbaycan incəsənətinə saysız-hesabsız sənətkarlar bəxş etdiyini deyib, onlar və ümumən universitetin tarixi haqqında yeni nəşrlərin hazırlandığını diqqətə çatdırıb.

Çıxışının sonunda hər iki rektor tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Daha sonra tədbir iştirakçıları ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertə tamaşa ediblər.

Həmçinin Bakı Slavyan Universitetinin foyesində ADMİU-nun Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

ƏvvəlkiSPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Prezident İlham Əliyevin adından rəsmi nahar verilib
NövbətiAbdulla Şaiqin mənzil-muzeyində poeziya gecəsi