Bakı Musiqi Akademiyasında Fikrət Əmirovun 100 illiyinə həsr olunan təntənəli konsert keçirilib

Bakı Musiqi Akademiyasının Opera Studiyasında Şərqin görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.

Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Musiqi naminə həyat” adlı konsert proqramı Bakıdakı Rus Evi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə “Stolitsa” RT teatrının direktoru, “Bakı” Müəllif Mahnıları Klubunun vitse-prezidenti Vəfa Qavrilova-Məmmədova tərəfindən təşkil olunub.

Konsert proqramında beynəlxalq müsabiqələr və festivallar laureatları – Əminə Zülfüqarova, Nigar Həsənova, Mahir Tağızadə, Əzizə Ağazadə, Adil Axundov, Cəmalə Abdinzadə, Nailə Xasiyeva, Fəqan Həsənli, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Samir Səmədov, Fatimə Xələfova, Azərbaycanın Əməkdar artistləri Cəmilə Kərimova, Aleksey Miltıx, Sahib Paşazadə, Nərgiz Əliyeva, Sabah xoru (bədii rəhbər və dirijor Dmitri Babayev) iştirak ediblər.

Tədbirin sonunda Fikrət Əmirovun qızı Sevil xanım iştirakçılara təşəkkür edib.

Fikrət Əmirov XX əsrin dünya musiqi mədəniyyəti tarixinə müasirliyin musiqi ənənələri ilə milli mədəni irsinin birləşməsinin böyük ustadı kimi daxil olub. Uzunmüddətli yaradıcılıq fəaliyyətinə görə F.Əmirov bir çox mükafatlara, o cümlədən Stalin mükafatına, SSRİ Dövlət mükafatına, SSRİ Xalq artisti adına layiq görülüb.

ƏvvəlkiPrezident İlham Əliyev Rusiya Baş nazirinin birinci müavinini qəbul edib
NövbətiMilli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın plenar iclasında Ermənistan parlamenti spikerinin iddialarına cavab verib