Bakı Dövlət Universitetində “Sazlı, sözlü kəlağayı günləri” tədbiri keçirilib

Çağdaş ultradəblər, Avropa meyilli gənclər, texnologiyalar zamanında milli dəyərlərə – geyimə, etik münasibətlərə, mənəviyyata diqqətin, təbliğin azalmasına səbəb olmasının qarşısını almaq üçün müxtəlif tanıtım tədbirlərinin rolu danılmazdır. Xalqımızın zəngin adət-ənənələrinə, əsrlərdən süzülüb gələn digər dəyərlərə müsbət olmayan münasibət gələcəyimiz sayılan nəslə, adət-ənənələrə mənəvi zərbə ola bilər. Bunu nəzərə alaraq Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayı Ev Muzeyi” yarandığı gündən Respublikamızın müxtəlif bölgələrində eləcə də ali və orta ixtisas məktəblərində ədəbi-bədii gecələr keçirir. 2023-cü ildə İctimai Birliyin təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ərazilərində keçirilən “Sazlı Sözlü Kəlağayı Günləri” milli-mənəvi dəyərlərin təbliği istiqamətində uğur kimi yadda qaldı. 2024-cü – ildə də belə tədbirlər davam etməkdədir. Bu il Azərbaycanın təhsil ocaqlarında Elm və Təhsil Nazirliyinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Yanvarın 29-da, Kəlağayı Muzeyindən başlayan ”Sazlı Sözlü Kəlağayı Günləri’- nin davaml fevralın 22-də Bakı Dövlət Universitetində (BDU) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Kəlağayı Muzeyi, Universitetin İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə keçirildi. ”Sazlı Sözlü Kəlağayı Günləri” adlı ədəbi-bədii tədbir tələbə və müəllim heyətinin böyük marağına səbəb oldu.Tələbə gənclərin qədim və heç vaxt dəbdən düşməyən milli baş örpəyimiz kəlağayıya diqqəti və ehtiramı bunu deməyə əsas verir.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, və “Sazlı Sözlü Kəlağayı günləri” layihəsinin rəhbəri şair, publisist Güllü Eldar Tomarlı tədbirin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirildiyini qeyd etdi və bu gərəkli işə dəstək olanlar təşkilat və məsul şəxslərə təşəkkür etdi. Onun sözlərinə görə, silsilə tədbirlər digər təhsil ocaqlarında da davam edəcək. Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılmasıdır. Birlik sədri vurğuladı ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur. Güllü Eldar Tomarlı tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, 2024- cü il Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on illiyidir. Bu münasibətlə “Anam – kəlağaydı, kəlağay – anam” kitabı nəşr edilib.

Bakı Dövlət Universitetində "Sazlı, sözlü kəlağayı günləri" tədbiriGüllü Eldar Tomarlı Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, onun təşəbbüsü və rəhbərliyi ilə 2022-ci ildə ölkəmizdə Kəlağayı Muzeyi yaradılıb: “Muzeydə müxtəlif dövrlərə aid kəlağayılar toplanıb. Eyni zamanda, muzeyin təşkilatçılığı ilə bölgələrdə ədəbi-bədii gecələr, konsert proqramları və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur”.

“Sazlı Sözlü Kəlağayı Günləri” çərçivəsində keçirilən tədbirdə BDU-nun kafedra müdiri Knyaz Aslan, BDU-nun dekanı Ələmdar Cabbarlı, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, klassik aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli, şair Səadət Buta, BDU-nun baş müəllimi Leyla Abbasova, Rusiya Azərrbaycan Qadınları İctimai Birliyinin Krım nümayəndəsi Qızqayıt Hüseynova və başqaları mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda tələbələr arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir ədəbi-bədii hissə ilə davam edib, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini aşıq Gözəl Kəlbəcərlinin, aşıq Ləman Mübarizqızının, aşıq Ayşə Səyyadqızının, Rəhimə Quliyevanın və Məhəmməd Əliyevin (kamança) ifaları alqışlarla qarşılandı.

Bütün il boyu ”Sazlı Sözlü Kəlağayı Günləri’ layihəsi çərçifəsində ədəbi-bədii gecələr, kəlağayı sərgiləri davam edir. Layihəmizin icrasının davamı 28 fevral, 2024-cü ildə Mədəniyyət və İncəsənət Universitetində olacaq. Çətin, şərəfli və məsuliyyətli yolda təşkilatımıza və layihəmizə uğurlar.

Mirvarid Dilbazi Poeziya Məclisinin mətbuat xidməti

ƏvvəlkiPolşada NATO-nun genişmiqyaslı təlimləri başlayır
NövbətiBakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib