AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş

Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərinin 6-cı ili ilə əlaqədar tədbir keçirilib. Tədbirdə AzTU-nun Aprel döyüşlərində şəhidlik Zirvəsinə ucalmış məzunlarının ailə üzvləri də iştirak ediblər.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov çıxış edib. O, Aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan, şanlı Ordumuzun uğurlarından danışıb.

Qeyd olunub ki, erməni təxribatına cavab olaraq Aprel döyüşləri zamanı Ordumuz əks-hücum əməliyyatı keçirib və nəticədə Füzuli, Cəbrayıl və Ağdərə ərazilərinin 2 min hektardan çox hissəsi işğaldan azad edilib.

K.Rəsulov bildirib ki, Aprel döyüşlərində AzTU-nun məzunları Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, jurnalist Elçin Məmmədli Azərbaycan Ordusunun Aprel döyüşlərində və Vətən müharibəsində tarix yazdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazandı.

Tədbirdə AzTU-nun Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarının valideynləri çıxış ediblər. Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbə əzmini, gücünü bütün dünyaya göstərdi.

Vurğulanıb ki, bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır.