AzMİU-da 1720 tələbə məzun oldu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təntənəli “Məzun Günü” keçirilib. Mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və onların valideynləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Buraxılış mərasimində çıxış edən AzMİU-nun rektoru ,professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, 2022/2023-cü tədris ilində universiteti bitirən məzunların statistikasını açıqlayıb və bu məzunların azad olunmuş ərazilərimizin dirçəldilməsi işinə verəcəkləri töhfəyə diqqət çəkib: “Başa vurduğumuz tədris ilində AzMİU-dan 1320 bakalavr, 400 magistr olmaqla, 1720 tələbə məzun olur. Məzun olan 1320 bakalavr arasında 63 nəfər əcnəbi tələbədir. AzMİU-nun nəzdindəki İnşaat Kollecini isə bu il 429 subbakalavr bitirir. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 28-i universiteti fərqlənmə diplomu ilə bitirir. Onların ölkəmizdə aparılan sürətli tikinti-quruculuq işlərinə böyük töhfə verəcəkləri şübhəsizdir. AzMİU məzunlarının işə cəlb edilməsi azad olunmuş ərazilərimizin dirçəldilməsini daha da sürətləndirə bilər”.

Rektor çıxışında məzunlara səslənərək onların “Məzun Günü”nün Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə kimi dəyərləndirib. Ümummilli Liderin təhsilə, elmə olan diqqətini, gənclərə qayğısını yada salan rektor məzunlara vətəninə layiqli vətəndaş olmağı, bütün enerjilərini ölkəmizin inkişafına sərf etməyi tövsiyə edib. Professor Gülçöhrə Məmmədova AzMİU-nun məzunu adını qazanan gəncləri bir daha təbrik edib, onlara gəncliyin bəxş etdiyi enerjidən faydalanaraq böyük uğurlara imza atmağı arzulayıb.

Mərasimin qonaqları da çıxışlarında məzunları təbrik edib, onlara dəyərli tövsiyələr veriblər.

Məzunlara peşəkar karyera yolunda atacaqları addımlarda uğurlar diləyiblər.

Çıxışlardan sonra rektor və mərasimin fəxri qonaqları AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarını təqdim ediblər. Eləcə də təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə də mükafatlar verilib.

Mərasim əyləncəli proqramla davam edib.

ƏvvəlkiQobustanda qayalıq ərazidə bir nəfərin meyiti aşkarlanıb
NövbətiABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”