Azərbaycanın və Türkiyənin energetika nazirləri mediaya birgə açıqlama veriblər

Dövlət başçılarımızın bir-birinə qarşı olan sarsılmaz dostluq və qardaşlıq münasibətləri Azərbaycan ilə Türkiyə arasında mövcud əlaqələri müttəfiqlik səviyyəsinə çatdırıb. İki müttəfiq və qardaş ölkənin əlaqələrində enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Enerji platformu bu baxımından çox gözəl fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Forumdan sonra türkiyəli həmkarı Fatih Dönməz ilə mediaya birgə açıqlamasında bildirib.

Nazir deyib: “Sözsüz ki, iki ölkə arasındakı enerji münasibətləri artıq yüksək zirvələrə çatıb. Azərbaycan ilə Türkiyə ötən dövr ərzində bir çox irimiqyaslı layihələri həyata keçirib. Bütün bu layihələr bizim enerji sahəsi üzrə əməkdaşlığımızın ən gözəl nümunələridir. Eyni zamanda, Azərbaycan ötən illər ərzində enerji sahəsinə 21 milyard ABŞ dolları həcmində sərmayə qoyub. Azərbaycan qardaş Türkiyənin enerji təchizatçısı olub və artıq sadəcə TANAP layihəsi vasitəsilə biz bu günədək Türkiyəyə 18 milyard kubmetr qaz təchiz etmişik. Sadəcə bu ilin səkkiz ayı ərzində bu rəqəm 6,1 milyard kubmetr təşkil edib. Onun 4,2 milyardı məhz TANAP vasitəsilə ötürülüb. Niyyətimiz bu layihələri gələcəkdə daha da inkişaf etdirmək və əməkdaşlığımızı elektrik enerjisi sahəsi üzrə də aparmaqdır”.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib: “Ötən ilin dekabr ayında Bakıda bu formun ilkini keçirmişdik. Orada karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə dörd İşçi qrupu müəyyən edildi. Bu qruplar fərqli vaxt və yerlərdə öz təcrübələrini bölüşüblər. Bununla da Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamı öz yerini tutur. Burada hər sahə üzrə müsbət istiqamətdə davam edən əməkdaşlıqlarımız var. Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində əhəmiyyətli tədarükçülərindəndir. Birgə layihələrimizdən biri də TANAP-dır ki, bu da təkcə Türkiyənin deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir. Ölkə başçılarımızın da müzakirə etdiyi sahələrdən biri enerji üzrə ortaq layihələr və əməkdaşlıq məsələləridir. TANAP boru xəttinin ötürücülük qüvvəsinin iki dəfəyədək artırılması ilə bağlı qərar verilib. Hazırda TANAP ilə ildə 16 milyard kubmetr qaz daşınır. Bunun 10 milyardı Avropaya, 6 milyardı isə Türkiyəyə çatdırılır. Qısa zaman ərzində bu ötürücülük 32 milyard kubmetrə çatdırılacaq. Şübhəsiz ki, bundan Türkiyə də istifadə edəcək və eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Əhəmiyyətli hədəflərimizdən biri də təbii qaz sahəsi üzrə infrastrukturun inteqrasiyasına bənzər addımı elektrik sahə üzrə atmaqdır. Naxçıvan ilə məhdud enerji ticarətimizi artırmağı da hədəfləyirik. Davam edən layihələrdən biri də İğdır-Naxçıvan təbii qaz boru xəttidir. Bu layihənin də ən qısa zamanda təməlini atıb, təbii qaz bağlantısını quracağıq”.

ƏvvəlkiƏrdoğan və Paşinyan Praqada görüşüb
NövbətiBakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub