Azərbaycanın energetika naziri OPEC+ ölkələri nazirlərinin 5-ci iclasında iştirak edəcək

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov 4-7 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, nazir OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasında iştirak edəcək.

Energetika naziri 7 dekabrda isə OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşünə qatılacaq.

Səfər zamanı bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.

ƏvvəlkiBakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir
NövbətiAzərbaycanlı alim Qazaxıstan Milli Universitetində mühazirə oxuyub