Azərbaycanda koronavirusdan ölənlərin dəfn qaydaları müəyyənləşdi

“COVID-19” infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə meyitin yuyulması zamanı təhlükəsizlik qaydaları müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə məlumat tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

COVID-19 diaqnozu ilə ölən xəstələrin morq və dəfn xidmətləri üzrə görüləcək ehtiyat tədbirlər açıqlanıb.

Morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir.

Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməlidirlər. İstifadə olunan fərdi qoruyucu vasitələr tibbi tullantı qabına atılmalıdır.

Yuyulma sahəsi qatı sekretlərlə (ifrazat) çirkləndiyi üçün 1/10 xlor məhlulu və ya xlor tableti ilə (məhsulun tövsiyəsi ilə) dezinfeksiya olunmalıdır.

Morq işçiləri və ölüyuyan işçilərə standart infeksiyadan qorunma və nəzarət tədbirləri vasitəsilə tənəffüs yolu ifrazatları və təmas tədbirləri barədə təlim verilməlidir.

Morq işçiləri və ölüyuyanlara əl gigiyenası kimi şəxsi gigiyena qaydalarına riayət edilməsinin əhəmiyyəti vurğulanmalıdır. Bölmədə istifadə ediləcək maskalar, əlcəklər, qoruyucu geyimlər, eynəklər, alkoqol əsaslı əl üçün antiseptiklər müvafiq qurumlar tərəfindən fasiləsiz təmin olunmalıdır. Şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu qoyulan şəxsin evdə ölməsi halında dəfn proseduru yuxarıda göstərilən qaydalar çərçivəsində aparılmalıdır. Cənazənin qəbrə yerləşdirilməsi əsnasında əlcək istifadə olunmalıdır.

Şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozlu xəstələrin öldüyü təqdirdə cənazə qəbrə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur.

Ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə biləcəyi yaxınlarına bildirilir. Bu əşyaların atılması halında isə onlar tibbi tullantı hesab olunur.

Digər cənazə prosedurları Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mövzu ilə əlaqədar əlavədə yerləşdirilmiş fikirləri çərçivəsində həyata keçirilir.

COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricdə cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir.

Əvvəlki“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb
NövbətiRotterdam “Eurovision-2021”lə bağlı qərarını açıqladı