Azərbaycanda COVID-19-a qarşı 11 milyon 17 min 859 doza peyvənd vurulub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulan peyvənd dozalarının sayı 11 milyonu ötüb.

AZƏRTAC xəbər verir ki, 2021-ci il yanvarın 18-dən etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkədə peyvəndləmə prosesinə başlanılıb. Koronavirus əleyhinə fərqli platformalarda hazırlanan 4 növ peyvənddən istifadə edilir. Həmin peyvəndlər “CoronoVac”, “AstraZeneca”, “Pfizer” və “Sputnik V” peyvəndləridir.

“COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə vaksinasiya prosesi iki mərhələdən ibarətdir. Vaksinasiyanın birinci mərhələsi ilə ikinci mərhələsi arasında minimum 28, maksimum 56 gün vaxt olmalıdır. Həmçinin Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşlara, xroniki xəstəliyi olanlara, bütün tibb işçiləri və yaşı 50-dən yuxarı olan əhaliyə “buster” doza ilə peyvəndlənməyi tövsiyə edir. Vaksinasiyanın ikinci mərhələsindən 6 ay sonra vətəndaşlar, ehtiyac yarandıqda revaksinasiya oluna bilərlər.

Xatırladaq ki, ölkədə COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı oktyabrın 12-də 9 milyonu, noyabrın 12-də isə 10 milyonu ötüb.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 17 min 859, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 134 min 947, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 634 min 404 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 248 min 508 nəfər təşkil edir.

ƏvvəlkiKimlərin maaşları nə qədər artırıldı?
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 755 yoluxma faktı qeydə alınıb