Azərbaycan xalçaları “Euronews” telekanalında

“Euronews” telekanalı kökləri çox qədimlərə gedən Azərbaycan xalçaları və onların istehsal sənəti barədə reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda xalçaların min illərdir Azərbaycan incəsənətinin və mədəniyyətinin ayrılmaz hissəsi olduğu vurğulanıb. Bildirilib ki, UNESCO onları 2010-cu ildə bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edib.

Ənənəvi Azərbaycan xalçaları sıx toxunuşa malikdir. Azərbaycanın xalçaçılıqla məşğul hər bölgəsinin özünəməxsus xalça naxışları var.

Dünyanın ilk xalça muzeyi Bakıda yerləşir. Burada nəfis toxunuşlu xalçalar sərgilənir, kövrək eksponatlar isə iqlim şəraiti tənzimlənən xüsusi yerlərdə saxlanılır.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “Euronews”un müxbirinə deyib: “Xalça Azərbaycanın, Azərbaycan mədəniyyətinin və xalqının rəmzidir. Bu, ulu babalarımızdan bizə miras qalan irsdir, əsrlər boyu nəsildən-nəslə ötürülüb. Xalça Azərbaycan xalqına o qədər əziz və yaxındır ki, hər evdə və hər ailədə xalça görə bilərsiniz. Bu, onu həyat tərzimizin çox vacib və ayrılmaz bir hissəsi edir”.

Xalçalar müxtəlif kompozisiyaları, canlı rəngləri və fərqli istehsal texnikaları ilə məşhurdur. Azərbaycan xalçaçılığının tarixi Tunc dövrünə gedib çıxır. Bu gün yeddi ixtisaslaşmış xalçaçılıq məktəbi mövcuddur. Onların hər birinin özünəməxsus naxışları və ənənələri var. Bu muzey, həmçinin sərgilərin, beynəlxalq simpoziumların və konfransların keçirildiyi tədqiqat, maarifləndirmə, mədəniyyət və təhsil mərkəzidir.

Azərbaycan Xalça Muzeyi həm yerli sakinlərin, həm də ölkəmizin qonaqlarının diqqətini cəlb edir.

ƏvvəlkiTeledərslərin bu günə olan cədvəli
NövbətiAVRO-2020: UEFA təşkilatçı şəhərlərin sayını azaltdı