Azərbaycan və Qırğızıstan prokurorluqları arasında münasibətlər müsbət dinamikada davam edir

Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Qırğız Respublikasının Baş prokuroru Kurmankul Zuluşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə qonağı səmimi salamlayan Azərbaycan Respublikasının Baş prokuroru eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Türkdilli dövlətlərlə, o cümlədən eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik Qırğız Respublikası ilə əməkdaşlıq daha da inkişaf etdirilib, dostluq və tərəfdaşlıq münasibətləri möhkəmləndirilib.

Azərbaycan və Qırğızıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror Kamran Əliyev bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Kurmankul Zuluşev göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

ƏvvəlkiVaşinqtonda Qubad İbadoğluna dəstək aksiyasında erməni bayrağı qaldırılıb
NövbətiAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub