Azərbaycan sahibkarlarının Qarabağla bağlı planları məlum olub

Azərbaycan sahibkarları işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına böyük maraq göstərir.

“Report” İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu barədə qurumun dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı,Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, 2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi biznes üçün də yeni imkanlar açıb: “İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan indiyədək KOBİA-ya çoxsaylı müraciətlər daxil olub. Bu müraciətlər əsasən istehsal, turizm, tekstil, tikinti, tibb fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə edir. KOBİA tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqəndirmə və məsləhət xidmətləri göstərilir”.

KOBİA sədri həmçinin pandemiyanın ictimai iaşə sektoruna təsirsiz ötüşmədiyini, hökumət tərəfindən müxtəlif dəstək mexanizmləri vasitəsilə biznesin qorunması istiqamətində aktiv tədbirlərin davam etdirildiyini vurğulayıb. Post müharibə dövründə və post-pandemiya ərəfəsində sahibkarların və dövlət qurumlarının iştirakı ilə keçirilən bu forum aktual müzakirələr üçün və dövlət-biznes dialoqu üçün əhəmiyyətli platformadır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev çıxışında pandemiya dövründə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, COVID-19-la mübarizə tədbirləri çərçivəsində əhali və sahibkarlar arasında geniş maarifləndirmə işlərinin aparıldığını, ictimai iaşə, turizm, qida məhsullarının ticarəti ilə məşğul olan və digər sahibkarlıq subyektlərində monitorinqlərin keçirildiyini bildirib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə AQTA-nın işğaldan azad edilmiş ərazilər üzrə fəaliyyətinə dair konsepsiya sənədinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini qeyd edən B.Quliyev işğaldan azad olunan rayonların dirçəldilməsində sahibkarların üzərinə məsuliyyətli vəzifənin düşdüyünü, bu vəzifələrin icrası zamanı qarşıya çıxan məsələlərin həlli üçün sahibkarları Agentliklə də aktiv əməkdaşlığa dəvət edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxışında təşkilatın 2020-ci ildə pandemiyanın sahibkarlığın inkişafına təsirini azaltmaq üçün sahibkarların yanında olduğunu, onlardan daxil olan çoxsaylı müraciətləri və təklifləri dövlət qurumlarına təqdim etdiklərini, biznes subyektləri və dövlət orqanlarının iştirakı ilə müzakirələrin aparıldığını qeyd edib.

Azərbaycan Qida və İçki Sənayəçiləri Assosiasiyasının sədri Emin Dostiyari çıxışında pandemiya dövründə qida sənayesi və ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər barədə məlumat verib, bu sektorda yeni iş yerlərinin açılması və iqtisadiyyatın canlanması üçün səyyar satış imkanlarına, dövlət dəstəyi ilə onlayn satış və çatdırma platformasının yaradılmasına və s. barədə assosiasiya üzvlərinin təkliflərini diqqətə çatdırıb.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov isə qeyd edib ki, forum qida sənayesi və ictimai iaşə sektorunda fəaliyyət göstərən KOB subyektlərinin pandemiya dövründə qarşılaşdıqları çətinliklərin və post-pandemiya dövründə gözləntilərinin dövlət-biznes dialoqu çərçivəsində müzakirə edilməsi, təkliflərin öyrənilərək aidiyyəti qurumlara çatdırılması məqsədilə təşkil olunub. “Tədbir Agentlik yanında İctimai Şura tərəfindən təşkil olunan sayca 9-cu forumdur və 2021-ci il ərzində də əsasən pandemiyadan ziyan çəkmiş sektorlar olmaqla, iqtisadiyyatın müxtəlif sahələri üzrə ictimai müzakirələrin və digər tədbirlərin təşkili davam etdiriləcəkdir” – deyə Fərhad Qaraşov bildirib.

Onlayn forumda həmçinin, qida biznesi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin problemləri müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Karantin rejimi ilə əlaqədar tədbirə İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi və Dövlət Turizm agentliklərinin nümayəndələri, qida və ictimai iaşə sektorunda çalışan sahibkarlıq subyektləri (qida və kənd təsərrüfatı məhsullarının istehsalçıları, idxalçıları və ixracatçıları, market, restoran, kafe, otel və digər iaşə obyektləri) və biznes assosiasiyalar qatılıb.

ƏvvəlkiAzərbaycan Texniki Universiteti ilə “Caspian Cable” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
NövbətiDilçilik İnstitutunun “Qaynar xətt”i fəaliyyətini bərpa etdi