Azərbaycan səfiri Qazaxıstan naziri ilə mədəniyyət və media sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Aida Balayeva iki ölkə arasında mədəni-humanitar əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib:

“Əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsi istiqamətində daha bir addım qarşılıqlı Mədəniyyət Günlərinin təşkilidir. 2024-cü ildə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. Bu onu göstərir ki, biz dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edən uzunmüddətli və qarşılıqlı faydalı təşəbbüslər planlaşdıraraq müxtəlif istiqamətlərdə sıx əməkdaşlığa hazırıq”.

Azərbaycan missiyasının başçısı isə Bakının Astana ilə “mədəniyyət və media sahəsində əməkdaşlığa xüsusi maraq göstərdiyini” deyib:

“Dövlətlərimizin başçıları tərəfindən imzalanmış bir sıra mühüm sənədlər, o cümlədən Qazaxıstan və Azərbaycanın Ali Dövlətlərarası Şurasının yaradılması haqqında protokol sabit münasibətlərin göstəricisidir. Biz mədəniyyət və media sahəsində əməkdaşlığa xüsusi maraq göstəririk. Xüsusilə birgə platformanın yaradılması, kommunikasiya və biliklərin mübadiləsi üçün layihənin həyata keçirilməsinə ehtiyac var”.

Aida Balaeva gənclər siyasəti, kreativ sənaye, mülki sektor sahələrində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib və mədəni və elmi turizmin inkişafı, o cümlədən muzeylərə, təbiət qoruqlarına, memarlıq abidələrinə baş çəkmək və iki ölkənin mədəni irsinin araşdırılması ilə bağlı layihənin həyata keçirilməsini təklif edib.

ƏvvəlkiBeynəlxalq Muğam Mərkəzində “HasSak” ansamblının konserti olub
NövbətiFilippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub