Azərbaycan qazının Bolqarıstana sınaq tədarükünə başlanılıb

Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə sınaq tədarükünə başlanılıb.

Bu barədə Trend-ə “ICGB AD” layihə şirkətindən bildiriblər

“Planlaşdırıldığı kimi real həcmdə təbii qazla sınaq tədarükünə başlamışıq. Lakin bu, kommersiya fəaliyyətinin başlanğıcı deyil”, – deyə şirkətindən qeyd ediblər.

Bolqarıstan və Azərbaycan “Şahdəniz-2” yatağından bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, Bolqarıstan Azərbaycan qazını Yunanıstanla interkonnektor (IGB) vasitəsilə tam həcmdə almalı idi. Lakin interkonnektorun vaxtında tikilib istifadəyə verilməsi mümkün olmadığından Azərbaycan qazının alternativ marşrutla müvəqqəti olaraq Bolqarıstana nəqlinə qərar verilib. Buna baxmayaraq, il ərzində müqavilə üzrə nəzərdə tutulan həcmin yalnız üçdə biri bu marşrutla çatdırılıb.

IGB Bolqarıstanın enerji təhlükəsizliyinin əsas elementi və qaz mənbələrinin şaxələndirilməsi üzrə milli planın bir hissəsi olmaqla yeni mənbələrdən qaz nəqlini və tədarükünü təmin edəcək. Qaz kəmərinin ötürmə qabiliyyəti üç milyard kubmetr olacaq, onun beş milyard kubmetrə çatdırılması mümkündür.

ƏvvəlkiFransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb
NövbətiAzərbaycanın 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri artırılır