Azərbaycan Qahirədə keçirilən GECF-in Nazirlər toplantısında təmsil olunur

Azərbaycan Misirin paytaxtı Qahirə şəhərində öz işinə başlayan Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Nazirlərin 24-cü toplantısında iştirak edir.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanı bu forumda energetika nazirinin müavini Kamal Abbasov təmsil edir. Onun Qaz İxrac Edən Ölkələr Forumunda çıxış edəcəyi gözlənilir.

Məlumata görə, tədbirdə Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela, Anqola, Azərbaycan, İraq, Malayziya, Mozambik, Norveç kimi 19 üzv ölkə, o cümlədən müşahidəci qismində Peru və Birləşmiş Ərəb Əmirlikləri iştirak edəcək.

Qeyd edək ki, GECF 2001-ci ildə yaradılıb. GECF-ə üzv ölkələr qlobal təsdiqlənmiş təbii qaz ehtiyatlarının 72 %-ni, bazara çıxarılan istehsalın 43 %-ni, boru kəməri ilə ixracın 55 %-ni və mayeləşdirilmiş təbii qaz (LNG) ixracının 50 %-ni əhatə edir.

ƏvvəlkiPrezident İlham Əliyev: Qazaxıstanın qazandığı uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox sevindirir
Növbəti“ASAN xidmət”in nümayəndə heyəti Moldovada