Azərbaycan Ombudsmanı VII beynəlxalq elmi-praktik konfransa qatılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Avrasiya məkanında insan hüquqlarının müdafiəsi problemləri: Ombudsmanların müsbət təcrübə mübadiləsi” mövzusunda VII beynəlxalq elmi-praktik konfransda çıxış edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, çıxışı zamanı Azərbaycan Ombudsmanı qeyd edib ki, gənclərin hüquqlarının müdafiəsi və inkişafı ölkə siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edir. O, Ombudsman təsisatı olaraq, əhalinin bütün kateqoriyalarının, o cümlədən gənclərin insan hüquqları, gender bərabərliyi, qadınlara qarşı zorakılığa və erkən nikahlara qarşı mübarizə, habelə onların fəallığının artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirdiyini vurğulayıb.

Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xaricdə təhsil, sosial müdafiəsi, problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşmasına şərait və imkanların yaradılması bu sahəyə böyük diqqətin nəticəsidir.

Ombudsmanın da tövsiyələri nəzərə alınaraq, gənclərin intellektual və fiziki inkişafını, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “Azərbaycan gəncliyinin 2015-2025-ci illərdə inkişaf strategiyası”nın təsdiq edildiyi diqqətə çatdırılıb.

Bundan əlavə, yüksək idarəçilik keyfiyyətlərinə malik perspektivli gənc liderləri müəyyən etmək və onlara dəstək olmaq məqsədilə keçirilən “Yüksəliş” müsabiqəsi çərçivəsində Ombudsmanın da sözügedən müsabiqənin qaliblərindən birinə mentorluq etdiyi vurğulanıb.

Qeyd edilib ki, gənc nəslin yaradıcı fəaliyyətə cəlb edilməsi, gənclərin insan hüquq və azadlıqlarının əhəmiyyətini dərk etməsi məqsədilə hər il bir qrup könüllü Ombudsman Aparatının fəaliyyətinə cəlb olunur.

Əlilliyi olan gənclərin hüquqlarının müdafiəsi sahəsində Azərbaycanın müsbət təcrübəsindən bəhs edən Ombudsman onun tövsiyələri əsasında bu kimi şəxslərin ictimai həyatın bütün sahələrində əlçatanlığının təmin edilməsi, inklüziv təhsilin təşkili üçün zəruri maliyyə və insan resurslarının ayrılması, habelə müvafiq mütəxəssislərin işə cəlb edilməsi istiqamətində tədbirlərin görüldüyü qeyd edilib.

Sonda S. Əliyeva gənclərin hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübələrin beynəlxalq konfrans çərçivəsində bölüşməsinin əhəmiyyətini vurğulayaraq bu sahədə əməkdaşlıq əlaqələrinin davam etdirilməsini təklif edib.

Əvvəlkiİşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib
NövbətiAzərbaycanın meşə fondu torpaqlarında 400 mindən çox ağac əkilib