Azərbaycan komandası birinci MDB Oyunlarının səkkizinci günündə yeddi medal qazanıb

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarının səkkizinci gününü komandamız yeddi medalla başa vurub.

Trend xəbər verir ki, cüdoçularımız qazandıqları bu medalların 2-si qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Belə ki, Səbinə Əliyeva (52 kq) və Əhməd Yusifov (60 kq) bütün rəqiblərini məğlub edərək çempion olublar. Rövşən Əliyev (60 kq) gümüş, Camal Feyziyev (+100 kq), Şəfəq Həmidova (48 kq), Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medallara sahib olublar.

Bununla da komandamızın birinci MDB Oyunlarında qazandığı medalların sayı 46-ya çatıb. Medalların 13-ü qızıl, 10-u gümüş, 23-ü bürüncdür.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.

ƏvvəlkiBəzi deputatlar YAP-ın rayon təşkilatlarının sədrləri vəzifəsindən uzaqlaşdırılır
NövbətiAzərbaycandan buğda və buğda unu ixracına gömrük rüsumu tətbiqinin müddəti uzadılıb