Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov ilə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov ölkələrimiz arasında ümumi tarixi, mədəni, dini bağlara əsaslanan və yüksək səviyyədə inkişaf edən münasibətlərdən məmnunluqla bəhs edib. Müstəqilliyin ilk illərindən etibarən təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın ilk Prezidenti-Elbası Nursultan Nazarbayev tərəfindən qoyulan dostluq və əməkdaşlıq münasibətlərinin hazırda hər iki dövlətin başçısı tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, elm, təhsil və digər sahələrdə inkişaf etməkdə olan münasibətlər, mövcud əlaqələrin daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

İkitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri ilə yanaşı, çoxtərəfli platformalarda, o cümlədən Türk Şurası, TRACECA və digər təşkilatlar çərçivəsində davam edən əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə təhlükəsizliyə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti, o cümlədən Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat, bölgədəki gərgin vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ceyhun Bayramov bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunmasında yeganə yolun məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi, işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasının olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Qazaxıstanın Xarici İşlər nazirinin Ceyhun Bayramovu təyinatı münasibətilə təbrik etdiyini və nazirə fəaliyyətində uğurlar arzuladığını qeyd edib.

İkitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlərin həyata keçirilməsi üzrə mövcud əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyindən əminlik ifadə olunub.

Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə səfir Serjan Abdıkarimov Qazaxıstanın münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq və ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəklədiyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

ƏvvəlkiOperativ Qərargah: İctimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir
NövbətiAzərbaycanda 132 nəfərdə koronavirus aşkarlanıb, 155 nəfər sağalıb, 2 nəfər ölüb