Azərbaycan idmançıları kombat ciu-citsu üzrə açıq Avropa çempionatında 12 medal qazanıblar

Slovakiyanın Mixalovtse şəhərində kombat ciu-citsu üzrə açıq Avropa çempionatı keçirilib.

Trend xəbər verir ki, Azərbaycanı çempionatda Daxili İşlər Nazirliyinin (DİN) idman cəmiyyətinin 10 idmançısı təmsil edib. İdmançılarımız yarışda “ground fight”, “full contact”, “close contact” və “self-defence” versiyalarında mübarizə aparıblar.

Çempionatda qadınların yarışında Fidan Yusifova (62 kq) “ground fight” və “self defence” versiyalarında birinci olub. Otuz altı yaşdan yuxarı idmançıların yarışında Ceyhun Hüseynov (93 kq) və Məğrur Əhmədov (85 kq) “full contact” versiyasında qızıl medal qazanıblar. 18-35 yaşlı idmançıların yarışında “ground fight” kateqoriyasında Sabir Həsənov (85 kq) ikinci, Şirin Şirinov (57 kq) və Səid Qəmbərli (63 kq) üçüncü olublar. Təmsilçimiz Amir Abdi 14-15 yaşlı idmançıların mübarizəsində “ground fight” versiyasında turniri üçüncü pillədə başa vurub. M.Əhmədov “ground fight” və “close kontact” versiyalarında gümüş, Ş.Şirinov və A.Abdi “close contact” kateqoriyasında bürünc medala yiyələniblər.

Komandaya DİN-in idman cəmiyyətinin əməkdaşı, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov rəhbərlik edib. R.Məmmədov Avropa çempionatına baş hakim qismində dəvət alıb və onun rəhbərliyi altında həmin yarışın hakim briqadaları idarə olunub. Həmçinin R.Məmmədov Beynəlxalq Kombat Ciu-citsu Federasiyasının Hakimlər komitəsinin sədridir və dəfələrlə dünya, Avropa və Asiya çempionatlarını baş hakim kimi idarə edib.

Qeyd edək ki, millimiz çempionatı 12 medalla başa vurub.

ƏvvəlkiNATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu keçirilib
NövbətiMilli Məclisin sədri Serbiya Milli Assambleyasının sədri ilə görüşüb