Azərbaycan güləşçiləri Bolqarıstanda xatirə turnirində 9 medal qazanıblar

Bolqarıstanın Veliko Tırnova şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov beynəlxalq turniri sona çatıb.

AZƏRTAC xəbər verir ki, ənənəvi yarışın beşinci günündə son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Orxan Abasov (86 kq) səkkizdədir finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşılaşıb. Son saniyələrdə hakimlərin mübahisəli qərarları nəticəsində rəqib 9:7 hesablı qələbəyə sevinib. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O. Abasov yarışın sonuncu günündə bolqarıstanlı Evelin Rusev (11:0) və hindistanlı Sandep Sandepə (7:6) qalib gələrək bürünc medala iddiasını ortaya qoyub. Həlledici görüşdə moldovalı Denis Balauru (9:3) üstələyən güləşçimiz bürünc medalı boynundan asıb.

Abubakr Abakarov (86 kq) təsnifat mərhələsində gürcüstanlı Qoqa Mamiauriyə qalib gəlib – 7:1. Yığmamızın üzvü səkkizdədir finalda əlcəzairli Fateh Benfercellahı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Gürcüstanın digər təmsilçisi Zaur Beradzeylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib (4:3) ayrılan A.Abakarov yarımfinala yüksəlib. Təmsilçimiz hindistanlı Sanjet Sanjeti də məğlub (8:4) edərək finala vəsiqə qazanıb. Güləşçimiz həlledici qarşılaşmada Gürcüstan idmançısı Aminaşvili ilə qarşılaşıb və 7:0 hesabıyla qalib gələrək turnirin baş mükafatına yiyələnib.

Mübarizəyə dörddədir finaldan qoşulan İslam İlyasov (97 kq) belaruslu Aleksandr Xuştinə uduzub – 1:4.

Onunla eyni çəkidə çıxış edən Məhəmmədxan Məhəmmədov ilk mərhələdə gürcüstanlı İuza Tsertsvadzeyə heç bir şans tanımayıb – 11:2. M.Məhəmmədov daha sonra belaruslu Vasili Pavluçenkaya tam üstünlüklə qalib gəlib – 15:4. Güləşçimiz yarımfinalda A.Xuştini “tuşe” ilə məğlubiyyətə uğradaraq adını finala yazdırıb. Təmsilçimiz həlledici görüşdə iranlı Meysam Abdiylə qarşılaşıb və rəqibini “tuşe”ylə məğlub edərək turnirin baş mükafatına yiyələnib.

Rahid Həmidli (125 kq) startda bolqarıstanlı İslam Adizovdan güclü olub – 6:3. Həmyerlimiz dörddədir finalda Bolqarıstanın digər təmsilçisi Georgi İvanovu vaxtından əvvəl məğlub edib – 13:0. R.Həmidli yarımfinalda finlandiyalı Yere Heyno ilə qarşılaşıb və rəqibinə 0:5 hesabıyla uduzaraq ümidini bürünc medala bağlayıb. Gürcüstanlı Solomon Manaşvili zədələndiyi üçün idmançımızla güləşməyib və R.Həmidli bürünc medala sahib çıxıb.

Qeyd edək ki, turnirdə daha əvvəl kişilərdən Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc, Turan Bayramov (74 kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq) qızıl medal qazanıblar. Qadınlardan isə Elis Manolova (65 kq) üçüncü yeri tutub.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19 əleyhinə 30 min 796 doza peyvənd vurulub
NövbətiMoldova parlamentinin sədri Azərbaycana səfər edəcək