“Azərbaycan Dəmir Yolları” QSC-dən təkzib

Son günlər bəzi elektron KİV-lərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Kəramət Böyükçölə ev bağışlanması haqqında həqiqətə söykənməyən məlumatlar yayılmaqdadır.

Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova bildirib ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir:
“Qeyd edim ki, dəmir yolunda uzun illərdir məsuliyyətli və gərgin əməyə qatlaşan yüzlərlə dəmiryolçu mənzil növbəsində dayanıb. Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunana qədər dəmiryolçulara mənzil verilməsi dayandırılmışdır. İndi yenidən bu məsələyə xüsusi diqqət ayrılması görünür kimlərisə narahat edir. Bir müddət bundan əvvəl də KİV-lərdə bu tipli dezinformasiyalar dövriyyəyə buraxılmışdı. O zaman Cavid Qurbanov bildirmişdi ki, qələm adamlarına mənzil verilməsi kimi humanist məsələ ancaq ölkə başçısının səlahiyyətindədir. Mənim xidməti vəzifəmin sosial istiqamətinə ancaq dəmiryolçuların mənzil probleminin həlli daxildir”.

“Azərbaycan Dəmir Yolları” QSC-dən təkzib

Sevinc Qədirova qeyd edib ki, Kəramət Böyükçölün ümumiyyətlə dəmir yolu nəqliyyatına heç bir aidiyyatı yoxdur:
“Azərbaycan dəmir yolunda bu adda şəxs heç vaxt çalışmayıb və mənzil növbəsində dayanmayıb. Elə bu məntiqlə demək olar ki, dəmir yolundan ona mənzil verilməsi haqqında yazılanlar absurddur.
Son olaraq bildirirəm ki, KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları araşdırmadan belə yazıları yaymaq qeyri-peşəkarlıqdır. Belə müəlliflərin yazdıqları «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyildir”.

ƏvvəlkiTacikistan prezidenti azərbaycanlı həmkarını təbrik edib
NövbətiTürkiyə XİN: Suriya rejiminə qarşı əməliyyatdan məmnunuq