“Azərbaycan Beynəlxalq Bankı” IFC ilə yeni saziş imzalayıb

Fermerlərə aqrar kreditlərin verilməsi imkanlarının genişləndirilməsi, bu növ kreditləşmənin sürətləndirilməsi məqsədi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalayıb.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, saziş Banka kredit müraciətlərinin təhlili zamanı IFC-in kənd təsərrüfatı risklərinin qiymətləndirilməsi alətindən (CLARA) istifadə etməyə imkan verəcək. Bu isə risklərin qiymətləndirilməsinin, kreditləşmə prosesinin avtomatlaşdırılmasına imkan verəcək. Fermerlər “Azərbaycan Beynəlxalq Bankı”nın ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək aqrar kreditləri daha sadə prosedurlarla və sürətli şəkildə əldə edə biləcəklər.

Bankın korporativ bankçılıq üzrə Baş direktoru Nərgizxanım Biləndərli IFC ilə bağlanmış sazişin başqa istiqamətlərdə də faydalı olacağını bildirib: “Bu əməkdaşlıq fermerlərin kredit məhsulları ilə bağlı ehtiyaclarının daha aydın təhlilinə imkan verəcək. Fermerlərin ehtiyacına uyğunlaşdırılmış aqrar kredit məhsulları yaradılacaq. Beləliklə, seçim imkanları genişlənəcək. Onlar sırf ehtiyaclarına uyğun kredit məhsulları əldə edə biləcəklər”.

Qeyd edək ki, IFC-in CLARA aləti kənd təsərrüfatı kreditləşməsində risk qiymətləndirmə prosesini inkişaf etdirən yeni vasitədir. IFC bu aləti İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə birgə həyata keçirdiyi “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” çərçivəsində hazırlayıb.

Əvvəlki“Beynəlxalq Ordu Oyunları – 2020”nin planlaşdırılması üzrə videokonfrans keçirilib
NövbətiAzərbaycan neftinin qiyməti 43 dollara çatır