AQTA koronavirusla mübarizə tədbirləri ilə bağlı ictimai iaşə müəssisələrinin sahiblərinə çağırış edib

Hazırda ölkədə yeni növ koronavirusa (COVID-19) yoluxmada artan statistika müşahidə edilir. Əfsuslar olsun ki, bu dövr ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı bir sıra sahibkarların qaydalara əməl etməməsi faktları aşkar olunmuş, müvafiq inzibati cərimələr tətbiq edilib. Agentlik monitorinq qruplarının sayını və tədbirlərinin intensivliyini artırmaqla yanaşı, əlavə sərtləşdirilmiş nəzarət tədbirləri həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər ictimai iaşə obyektlərində karantin dövründə müştəri qəbulu, eləcə də qida məhsullarının ticarəti və ictimai-iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərində koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 və 2020-ci il 1 may tarixli 160 nömrəli qərarları ilə təsdiq edilmiş metodiki göstərişlərə əsasən aparılır.

Agentliyin internet səhifəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə ilə bağlı xüsusi bölmə yaradılıb, sahibkarlar və istehlakçılar üçün bütün lazımi məlumatlar orada ictimailəşdirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 237 saylı Qərarına edilmiş dəyişikliklərə əsasən, sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etməli, müvafiq məsul şəxs təyin etməlidirlər. Həmin Qərardan irəli gələn tələblər yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, interaktiv məlumat mübadiləsinin təmin olunması üçün həmin məsul şəxs haqqında müvafiq məlumatlar agentliyə təqdim olunmalıdır.

Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatından keçmiş sahibkarların şəxsi kabinetləri vasitəsilə ictimai iaşə müəssisələri üzrə məsul şəxslər haqqında lazımi məlumatların təqdim edilməsi üçün müvafiq bildirişlər sahibkarlara göndərilib. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış sahibkarlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.3 bəndinə uyğun olaraq, öz obyektlərinin qeydiyyata alınmasını və qanunun tələblərinin yerinə yetirilməsini təmin etməlidir.

Nəzərə almaq lazımdır ki, qeydiyyatsız fəaliyyət göstərmək qanuna ziddir və monitorinqlər zamanı belə müəssisələr aşkar edilərsə, fəaliyyətlərinin qanuna müvafiq olaraq məhdudlaşdırılması məsələsinə baxılacaq.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır.