Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar müayinə olunacaq

2023-cü ilin 1-17 noyabr tarixlərində “Azərbaycan Respublikasının 2023-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na əsasən, peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək.

“Report” xəbər verir ki, monitorinqlər zamanı təsadüfi seçim üsulu ilə müəyyən olunmuş respublikanın 56 rayonunun (şəhərinin) 192 yaşayış məntəqəsinin hər birində heyvan növünə görə 3 fermer və ya ailə təsərrüfatı olmaqla, ümumilikdə 1152 baş iribuynuzlu və 1152 baş xırdabuynuzlu heyvanlardan diaqnostik qan nümunələrinin götürülməsi planlaşdırılır.

Müayinələrin aparılması üçün götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlıq müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər.

ƏvvəlkiTDT-nin Astana sammitinin gündəliyi açıqlanıb
NövbətiErkən nikahlar qız uşaqlarını təhsildən ayırmaqla cəmiyyətin gələcəyinə böyük zərbə vurur