Ağsu rayonunda azyaşlını vuran sürücü tutularaq istintaqa cəlb edilib

Ağsu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutularaq istintaqa cəlb edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağsu Rayon Polis Şöbəsi və prokurorluğu birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 14-də, saat 17:00 radələrində, Ağsu rayonu Cəlayir kəndi ərazisində kənd sakini Emin Qiyasovun idarə etdiyi “VAZ-2107” markalı 10-MS-126 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada-2015-ci il təvəllüdlü Gülər Əsədovanın vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə rayon polis şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hadisənin E.Qasımov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

ƏvvəlkiAzərbaycan hökuməti İran tərəfinə narahatlığını çatdırdı
NövbətiÖlkədə 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 53 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır