Ağalı kəndində özünüməşğulluq proqramı çərçivəsində növbəti təsərrüfatlar yaradılıb

İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial dəstək tədbirləri ilə əhatə olunması və məşğulluq xidmətlərinə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 6 kənd sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin edilib.

Nazirlikdən Trend-ə bu gün verilən məlumata görə, onlardan Sahil Mahmudov və Natiq Mahmudova qəssab, Anar Məmmədova kişi bərbərxanası, Elnur Zeynalova kiçik dəmirçi sexi, Elman Zeynalova avtoçilingər, Tünzalə Orucovaya isə qadın gözəllik salonu zərfi üzrə mal və materiallar verilib.

Bununla da kənddə artıq 10-dək sakin üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb.

Aktiv paylanması prosesi və yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün Ağalı kəndinə mediatur təşkil edilib. Jurnalistlərə Ağalı kənd sakinlərinin məşğulluğunun dəstəklənməsi məqsədilə görülən işlər barədə məlumat verilib.

Qeyd edilib ki, kənd sakinlərindən artıq 46 nəfəri Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin edilib, bir qrup şəxsin də məşğulluğunun təminatı üçün işlər aparılır. Kənd sakinlərindən 12 nəfər isə peşə hazırlığına cəlb edilib.

Ağalı kənd sakinləri özünüməşğulluq proqramı ilə də əhatə olunur. Dövlət Məşğulluq Agentliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə sakinlərin proqrama cəlbi həyata keçirilir.

İlkin mərhələdə onlar üçün biznes təlimləri təşkil edilir, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar verilir. Daha sonra isə proqram iştirakçılarının kiçik təsərrüfatlarını qurmalarına dəstək göstərilir.

ƏvvəlkiAzyaşlılar üçün “OynaTap” layihəsi təqdim edilib
NövbətiTürkiyə Respublikasının Naxçıvandakı Baş konsulu NDU-nun tələbələri ilə görüşüb