Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu NDU-nun tələbələri ilə görüşüb

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində təhsil alan tələbələrlə görüşüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə çıxış edən rektor Elbrus İsayev Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu ilə universitet arasındakı səmərəli əməkdaşlıqdan bəhs edib, iki qardaş ölkənin əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən təhsil sektoru üzrə də inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasında iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı da ölkələrimiz arasında münasibətlərin yüksəlişinə öz müsbət təsirini göstərir. Mütəmadi səfərlərin və görüşlərin keçirilməsi, təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması yeni-yeni perspektivlər vəd edir.

Rektor Türkiyənin qabaqcıl ali təhsil ocaqları ilə qarşılıqlı əlaqələrdən də danışıb. Bildirib ki, ötən il Türkiyə universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə müxtəlif görüşlər keçirilib, müqavilələr imzalanıb. Müzakirələrdə ikili diplom layihələri, texnopark sahəsində əməkdaşlıq məsələləri, elmi-tədqiqat sahəsində birgə elmi araşdırmaların aparılması, xarici dillərin tədrisində müasir üsullardan səmərəli istifadə yolları öz əksini tapıb.

Universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Günel Nəsirova çıxış edərək, görüşün keçirilməsinin tələbələr üçün əhəmiyyətindən danışıb.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz “Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda mühazirə oxuyub. Bildirib ki, eyni soykökə, dilə, mədəniyyətə malik Türkiyə və Azərbaycan xalqları tarixboyu qardaşlıq, dostluq münasibətləri şəraitində yaşayıblar. Konyada XV əsrə aid Baba Neymətullah Naxçıvani türbəsinin timsalında bir sıra tarixi faktlar da qarşılıqlı münasibətlərin dərin milli köklərə dayandığını göstərir. Hələ sovet dönəmində Azərbaycanın Türkiyədə səfirliyi açılıb və ilk səfir Ordubad sakini İbrahim Əbilov olub. Onun səmərəli fəaliyyəti həmin dövrdə əlaqələrin inkişafına müsbət təsir göstərib. Müasir dövrdə bu münasibətlər ən yüksək səviyyədə inkişaf etdirilir, dostluq, qardaşlıq münasibətlərinin gələcək inkişafı üçün geniş imkanlar yaradılır.

Qeyd olunub ki, beynəlxalq Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa Bəyannaməsi ilə bir daha təsdiq olunub. Həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlib. Bu gün Türkiyə-Azərbaycan əlaqələri bölgədə sülhə və sabitliyə töhfə verir.

Baş konsul vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələrindən danışarkən Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə iştirakı və strateji əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Muxtar respublika ilə Türkiyə arasında bir çox istiqamətlər üzrə əməkdaşlıq hər il daha da genişlənir və inkişaf edir.

Naxçıvanda Baş konsul kimi fəaliyyət müddətinin başa çatması ərəfəsində olduğunu bildirən Məhmət Emin Kiraz Naxçıvandakı diplomatik fəaliyyətinin karyerasında mühüm mərhələ olduğunu bildirib, görüşü yüksək qiymətləndirib və tələbələrin suallarını cavablandırıb.

Sonda türkiyəli diplomat iki cildlik “Türk şəhid diplomatlar” və “Atatürk və Türkiyənin xarici siyasəti” adlı kitablarını universitet kitabxanasına hədiyyə edib. Öz növbəsində rektor Elbrus İsayev xatirə plaketini və universitet tələbələrinin keramikadan hazırladığı əl işini Məhmət Emin Kiraza təqdim edib.

ƏvvəlkiAğalı kəndində özünüməşğulluq proqramı çərçivəsində növbəti təsərrüfatlar yaradılıb
NövbətiErmənipərəst mövqeyi ilə tanınan “Regnum” informasiya agentliyi fəaliyyətini dayandırıb