ADU-da “Milli Dirçəlişdən doğan Zəfər” adlı dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə “Milli Dirçəlişdən doğan Zəfər” adlı dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla iştirakçıları tarixi gün münasibəti ilə təbrik edib. Rektor müasir tariximizin şanlı səhifələrindən olan Dirçəliş Gününün tarixindən söz açıb, bugünkü Zəfərimizin ilk qığılcımlarının məhz 1988-ci ildəki azadlıq hərəkatı ilə başlandığını qeyd edib:

“Ölkəmiz ilk müstəqillik dövründə bir çox çətinliklərlə üzləşsə də, xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin qayıdışından sonra Azərbaycanda intibah dövrü başladı. Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Nəhayət həsrətlə gözlədiyimiz gün gəldi. Azərbaycan dirçəliş dövrünə qədəm qoydu. Ölkəmizin suverinliyi, müstəqilliyi uzun əsrlərdən sonra, məhz bu gün – 17 noyabrda Milli Dirçəliş Günü ilə bərpa olundu. Xalq öz sözünü meydanlarda sevinclə dedi, dünyaya bəyan etdi. Bütün dünya Azərbaycan xalqının dirçəlişinin şahidi oldu. Və addımlarını kövrək atan xalq, illər sonra nəhayət Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun uzaqgörən siyasəti, cəsarəti nəticəsində müharibədən qələbə ilə çıxan xalq olaraq öz sözünü dedi. Hər birinizi Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!.”

Tədbirin moderatoru Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli xalqımızın azadlıq mübarizəsinin əsas mərhələsi olan bu tarixi günün mahiyyətindən söz açıb, 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisə olduğunu bildirib.

Universitetin əməkdaşları – Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırova “Milli oyanışa aparan yol”, Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “Azərbaycanda Milli Dirçəliş Günü. Faktlar və reallıqlar”, Fəlsəfə və ictimai elmlər kafedrasının müəlimi Günel Qarayeva “Milli özünüdərkin nəticəsi – Milli Dirçəliş” mövzularında çıxış ediblər.

Tədbirdə Milli Dirçəliş Gününü əks etdirən videoçarx nümayiş olunub.

ƏvvəlkiBakıda II Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
NövbətiDövlət Neft Şirkətinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib