ADA Universitetində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Oktyabrın 25-də ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100 illik yubiley kitab sərgisi: Fədakarlıq, Liderlik və İlham dolu əsrin təntənəsi” adlı kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, ADA Kitabxanasının rəhbəri Elçin Məmmədov üç gün davam edəcək sərginin açılış mərasimində görkəmli yazıçıların, ədəbiyyat xadimləri və digər nümayəndələrin iştirak etdiyini bildirib.

Açılış mərasimində ADA Universitetinin Strategiya və İnkişaf üzrə prorektoru Vəfa Kazdal və Akademik İşlər üzrə prorektoru Elkin Nurməmmədov bildiriblər ki, ADA Universiteti intellektual mərkəz rolunu oynayaraq müxtəlif tədbirlərə ev sahibliyi edir. ADA Universitetinin strateji obyektlərindən sayılan ADA kitabxanasının təşkil etdiyi bu tədbir isə oxucuları və müəllifləri bir araya gətirməklə akademik mübadiləni təmin edir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov qeyd edib ki, sərginin təşkili Ümummilli Liderin Prezident kimi həyat və fəaliyyətinin, zəngin irsinin daha da dərindən öyrənilməsi, tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir. Ulu Öndərin irsi məhz bu nəşrlərdə, kitablarda toplanır. Artıq onun irsini əks etdirən yüzlərlə nəşrlər var. Bu nəşrlərin toplanması, qorunması, saxlanması elm və təhsil müəssisələrinin və kitabxanaların üzərinə düşür.

“EBSCO” İnformasiya Xidmətlərinin Regional Nümayəndəsi Aleksandr Rıtov bildirib ki, kitab sərgiləri gənclər arasında kitaba marağın daha da artmasına, asudə vaxtınlarını səmərəli keçirməsinə, mütaliə vərdişlərinin inkişaf etdirilməsinə və kitabxanalara daha çox oxucunun cəlb edilməsinə şərait yaradır.

Daha sonra müxtəlif nəşriyyatların, kitab mağazaları və aqreqatorların, o cümlədən akademik, xüsusi və universitet kitabxanalarının təmsil olunduğu sərgi açıq elan edilib.

“EBSCO” İnformasiya Xidmətləri, “TEAS Press” Nəşriyyat Evi və “LIBRAFF” Kitab Mağazaları Şəbəkəsinin dəstəyi ilə həyata keçirilən sərgi çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyatı və irsi mövzusu ilə yanaşı, müxtəlif sahələri, eyni zamanda çağdaş ədəbiyyat, nəşr tendensiyaları və mədəniyyət mübadiləsi mövzularını əhatə edən panellər və söhbətlər, interaktiv fəaliyyətlər keçirilib.

Qeyd edək ki, sərginin növbəti günlərində müəlliflərlə söhbətlər, kitab təqdimatları, imza mərasimləri və kitabxana informasiya texnologiyalarının da daxil olduğu müxtəlif növ fəaliyyətlərin keçirilməsi nəzərdə tutulub.

ƏvvəlkiBaş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib
NövbətiBakı şəhər Xəzər Universitetində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib