Baş həkim ehtiraf edir, ərzaq oğurlanır… – Video

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə daşınaraq başqa yerə aparılması ilə bağlı yayılan görüntülərlə haqda baş həkim Nəhayət Əliyeva ziddiyyətli açıqlamalar verib.

Türk.az xəbər verir ki, N.Əliyeva açıqlamalarının birində həmin hadisənin aprelin 27-də baş verdiyini bildirib. Onun sözlərinə görə, aprelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü imiş və o, ayın 27-də tortla Körpələr Evinə gəlibmiş:

“Yəni Rauf bizim iş yerimizdən nəsə aparmayıb, əksinə, gətirib. Videoda görünən hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızını məhkəməyə verəcəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib, polis çağırmırdı?”

Lent.az-ın apardığı araşdırma zamanı məlum olub ki, aprelin 27-də N.Əliyevanın dediyi kimi, bacısı oğlu Rauf Məmmədov Körpələr Evinə gəlməyib. Belə ki, aprelin 18-29-da Şəmkirdə mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçirilib və həmin günlərdə R.Məmmədov Bakıda olmayıb. O, aprelin 26-da doğum gününü də Şəmkirdə qeyd edib. Həm aprelin 26-da, həm də 27-də Rauf Məmmədovun Şəmkirdəki turnirdə görüşləri olub.

Baş həkim başqa bir açıqlamasında isə videogörüntülərdə daşınan əşyaların ərzaq məhsulları yox, camaşırxanaya göndərilən yataq üzlükləri olduğunu deyib:

“İşçinin məzuniyyətə getməsi ilə əlaqədar bütün əşyalar camaşırxanaya aparılırdı. Çünki işçi bir aylıq məzuniyyətə çıxırdı və həmin çirkli əşyalar bir ay burada qalacaqdı. Orada iki bağlama uşaq bezi də görüntülənib. Həmin uşaq bezləri vətəndaşlar tərəfindən bizə yardım məqsədi ilə verilmişdi. Vətəndaşların aldığı bezlər “01” ölçüdə idi. Həmin ölçüdə olan uşaq bezlərinə ehtiyacımız olmadığı üçün onları uşaq bezi firmalarının birində dəyişdirib “03” və “04” ölçülü bezlər götürmüşük. Videoya diqqətlə baxsanız, görərsiniz ki, görüntülərdə camaşırxanaya göndərilən çirkli yataq dəstləri və dəyişdirilməyə aparılan uşaq bezləri var”.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə başqa yerə daşınması ilə bağlı görüntülər paylaşıb. Baş həkimin “yuyulmaq üçün aparılan yataq üzlükləridir” açıqlamasından sonra Aysun daha bir video yayaraq, ərzaq daşındığı iddiasını görüntülərlə təsdiqləyib.

 

 

Əvvəlkiİrəvanda qarşıdurma gözlənilir – Rusiya xəbərdar etdi
NövbətiDüşmən mülki əhalini atəşə tutdu