Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq FHN bir daha əhaliyə müraciət edərək, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəklərinin və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir.
Həmçinin bildirilib ki, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə vurğulanıb.























































