BƏƏ-nin “Masdar” şirkəti enerji portfelinin gücünü 65 giqavata çatdırıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin (“Abu Dhabi Future Energy Company PJSC”) bərpaolunan enerji portfelinin gücü 2025-ci ildə 51 giqavatdan 65 giqavata çatıb. Şirkət bu uğura BƏƏ-nin təmiz enerjiyə investisiya qoymaq barədə strateji qərarından cəmi 20 il keçəndən sonra nail olub.

AZƏRTAC xəbər verir ki, bunu BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin İdarə Heyətinin sədri Sultan Əhməd əl-Cabir deyib.

O vurğulayıb ki, şirkətin hədəfi 100 giqavat gücə nail olmaqdır. “Masdar” yeni layihələr hesabına 2030-cu ilədək enerji gücünü orta hesabla 10 giqavat artırmağı planlaşdırır.

Qeyd edək ki, yanvarın 13-də BƏƏ-nin “Masdar” şirkətinin təşkilatçılığı ilə Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla yanaşı, Serbiya, Madaqaskar, Cənubi Afrika, Nigeriya prezidentləri, o cümlədən digər dövlətlərin hökumət başçıları, yüksəksəviyyəli digər şəxslər, ekspertlər və elm adamları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, ümumilikdə 3500-dən çox qonaq iştirak edib.

ƏvvəlkiAzərbaycanın və Venesuelanın xarici işləri nazirləri arasında telefon danışığı olub