Azərbaycanda paralimpiya hərəkatı sürətli inkişaf yolu keçib və bu gün beynəlxalq aləmdə uğurlu nəticələr göstərir. Azərbaycan paralimpiyaçıları 2025-ci ildə beynəlxalq yarışlarda yaxşı nəticələr nümayiş etdiriblər. Paralimpiyaçılarımız 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazanıblar. Bu il idmançılar arasında bir dünya və iki Avropa çempionu var.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Milli Paralimpiya Komitəsindən bildirilib.
Beynəlxalq Əlillər Günü hər il dekabrın 3-də BMT Baş Assambleyasının 14 oktyabr 1992-ci il tarixli Qətnaməsinə uyğun olaraq bütün dünyada qeyd olunur. Məqsəd əlillərin ictimai həyatın bütün sahələrində hüquqlarının təbliği, habelə geniş ictimaiyyətin diqqətini onların problemlərinə cəlb etməkdir. Paralimpiya hərəkatı və paralimpiyaçılar Beynəlxalq Əlillər Gününün hədəflərinin irəliləməsində böyük rol oynayırlar. Paralimpiyaçılar sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı stereotiplərə meydan oxuyaraq inanılmaz cəsarət və dözüm nümayiş etdirirlər.
2025-ci il gənc paralimpiyaçılarımız üçün əlamətdar olub. Yeddinci dəfə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında debüt edən Azərbaycan Milli Paralimpiya komandası 7 idman növündə 17 idmançı ilə təmsil olunub və yarışı 4 qızıl, 2 gümüş, 7 bürünc medalla bitirib.
Qeyd olunub ki, hazırda idmançı reyestri üzrə 100-ə yaxın paralimpiyaçı 10 idman növündə (9 yay, 1 qış idman növü) məşqlərini davam etdirir.
Bildirilib ki, yeniyetmə paralimpiyaçılarımız bu il Serbiyanın Zlatibor şəhərində keçirilmiş ISF U-15 Gimnaziada İdman Oyunlarında 3 qızıl, 2 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 9 medal qazanıblar.
Məlumat üçün qeyd edək ki, Qafqazda yerləşən ölkələr arasında paralimpiya təmayüllü yeganə Paralimpiya İdman Kompleksi Sumqayıt şəhərində fəaliyyət göstərir.


























































