Deputat: “Prezidentin fərmanı göstərdi ki, dövlətimiz bundan sonra da vətəndaşının yanında olacaq”

“Bu fərman cənab prezidentin şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına atalıq qayğısıdır. Eyni zamanda Azərbaycan dövlətinin gücünün göstəricisidir”.

Bunu APA-ya açıqlamasında “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını şərh edərkən millət vəkili Musa Quliyev deyib.

M. Quliyev bildirib ki, Azərbaycan dövləti hər zaman öz şəhidinin və vətəndaşının yanında olub: “İmzalanan fərman göstərdi ki, dövlətimiz bundan sonra da öz vətəndaşının yanında olacaq. Qeyd olunan məsələ xeyli vaxt idi Milli Məclis və Nazirlər Kabinetində müzakirə olunurdu. Cənab prezident bu məsələni birdəfəlik həll etdi. Fərmanda müvafiq icra hakimiyyəti orqanlarına göstəriş verilib ki, qısa müddət ərzində hüquqi-texniki prosedurları həll etsinlər və hər bir şəhid ailəsi ona çatacaq yarıdımı alsın. Bu, birdəfəlik yardımdır və hesab edirəm, qısa müddət ərzində ünvanına çatdırılacaq. Bu, şəhidlərimizin ruhuna da cənab prezidentimizin töhfəsidir. Fərmanın imzalanmağı bütün vətəndaşlarımız tərəfindən müsbət qarşılanıb, cənab prezidentə hamı öz rəğbətini və minnətdarlığını bildirir”.

M. Quliyev əlavə edib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb: “Əlbəttə, bu mühüm sənəd həm sosial müdafiə, həm də vətənpərvərlik tərbiyəsi ilə bağlıdır. Hərbi qulluqda xidmət edən, döyüşəcək insanlara, onların ailələrinə böyük stimuldur. Bir məsələyə diqqətinizi çəkmək istərdim ki, bu, cənab prezidentin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Bu, cənab prezidentin humanist xarakterindən, Azərbaycan dövlətinin humanist siyasətindən xəbər verən fərmandır”.

Hərbi ekspert Üzeyir Cəfərov qanunvericilik aktını indiki şəraitdə vacib sənəd kimi şərh edib. Ü. Cəfərov APA-ya bildirib ki, fərman hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayacaq: “Şəhid və itkin ailələri cəmiyyətin xüsusi kateqoriyasıdır. Onlar bizim üçün çox əziz insanlardır. Bunu ölkə başçısı hər zaman öz çıxışlarında qeyd edib. Bizim hörmətli millət vəkilləri, müvafiq komissiyaların üzvləri, Nazirlər Kabinetinin səlahiyyətli şəxsləri, Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri dəfələrlə bu ailələrlə görüşsələr də, nəticə əldə olunmamışdı. Sağ olsun prezident ki, vətən üçün canını fəda etmiş insanların ailələrinə maddi dəstək göstərdi. Bu dəstək indiki şəraitdə çox vacib və önəmli idi. 2012-ci ildə Qarabağ müharibəsinin iştirakçısı olan insanların müavinətləri bəzi məmurlar tərəfindən qeyri-qanuni dayandırılmışdı. Prezident andiçmə mərasimindəki çıxışında ordu və ərazi bütövlüyümüzlə bağlı fikirlər səsləndirdi. Bu sənəd  həmin fikirlərin davamı və təsdiqidir. Nə qədər ki, Qarabağ məsələsi öz həllini tapmayıb, əziyyəti, zəhməti olan hər bir insanın əməyi layiqincə qiymətləndiriləcək. Bu nöqteyi-nəzərdən bu sənədi çox əhəmiyyətli sayıram. Çox məmurların illərlə biganə yanaşdığı bir məsələnin həlli üçün dövlət başçısı bir günün içində sənədlə bağlı tapşırıq verdi”.

ƏvvəlkiSabaha olan hava proqnozu
NövbətiTürk birliyi və yaranma zəruriyyəti