Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayında birinciliyin final qarşılaşmaları keçirilib. Həm qadınlar, həm də kişilərin yarışında “Azərreyl-1” komandaları çempionluq uğrunda mübarizədən qalib ayrılıblar.
Qadınların finalında “Azərreyl-1” və “Azərreyl-2”, kişilərin həlledici görüşündə isə “Azərreyl-1” və “Xilasedici-2” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, həm qadınlar, həm də kişilər arasında “Azərreyl-1” komandaları qızıl medal qazanıblar.
Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, medallar və hədiyyələr təqdim olunub.
Mükafatları Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov, Əməkdar idman ustası, Avropa çempionatının mükafatçısı Aliyə Paşayeva və təqdim ediblər.
Qalib komandalar eyni zamanda Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təşkil edilən klublararası Avropa çempionatında iştirak hüququ əldə edib. Xatırladaq ki, ötən mövsüm bu yarışda ölkəmizi təmsil edən “Azərreyl”in qadın və kişi komandaları çempion olub.
İyulun 21-də start götürən yarış Avropa Voleybol Konfederasiyasının reqlamentinə uyğun olaraq keçirilib. Reqlamentə əsasən, hər klub çempionata ən azı iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatılıb. İki dəfə məğlub olan komanda çempionatda mübarizəni dayandırıb.