Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Rusiyadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov, Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Maksim Poletayev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, şəhər hökumətinin və Qanunvericilik Məclisinin nümayəndələri, diplomatik korpusun rəhbərləri, diaspor üzvləri, mədəniyyət və incəsənət xadimləri, politoloqlar, tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində səfir Rəhman Mustafayev və baş konsul vəzifəsini icra edən Anar Yusifzadə çıxış edərək 107 il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsindən, müasir Azərbaycanın beynəlxalq nüfuzundan, davamlı inkişaf yolundan və regionda sülhə və sabitliyə verdiyi töhfədən danışıblar.
Çıxışlarda Azərbaycan və Rusiya arasında siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, 2024–2028-ci illəri əhatə edən “Yol Xəritəsi” çərçivəsində Azərbaycan və Sankt-Peterburq hökumətləri arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək.
Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov və Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Maksim Poletayev çıxışlarında bütün sahələrdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, ölkələrimiz arasında dostluğa və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin möhkəm olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində Azərbaycanın UNESCO üzrə Milli Komissiyası və Sankt-Peterburqdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə “Azərbaycan muğamı” adlı konsert proqramı təqdim olunub. Azərbaycanın Əməkdar artisti Təyyar Bayramovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin sənətçiləri Günay İmamverdiyeva, Altay Niftəliyev və Araz Ağaverdiyev tərəfindən xalq və bəstəkar mahnıları səsləndirilib. Tamaşaçılar ifaları gurultulu alqışlarla qarşılayıblar.
Tədbir zamanı Azərbaycanın milli musiqi alətləri, milli geyimləri və xalçaları nümayiş olunub, həmçinin musiqi və xalçaçılıq sənətimizə dair kitab sərgisi təşkil edilib. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.